Premyer Liqada VIII turun ilk günündəki oyunların heç-heçə nəticələnməsi "Neftçi" üçün "Zirə" ilə matçın önəmini birə-beş artırırdı. çünki "flaqman" qələbə təqdirində rəqiblərinin hamısından 2 xal artıq toplayacaqdı.

üstəlik, son oyunlardakı qələbələr və heyətlə bağlı problemin olmaması Roberto Bordinin kollektivinə əlavə motivasiya vermişdi. Yalnız Haiti millisindən yorğun dönən Soni Mustivar və Vild-Donald Gerye dünənki görüşə ehtiyatdan başlamışdılar.

"Zirə"də isə acınacaqlı durum davam edirdi. Baş məşqçi dəyişikliyi də vəziyyətin düzəlməsinə kömək etmədi. Prinsipcə, etməyəcəkdi də. çünki əsas heyətin 4 üzvü (Adrian Skarlatake, Tellur Mütəllimov, Xulio Sezar Rodriges, Miloş Bakraç) hələ də zədədən əziyyət çəkir. Xüsusən də, Xulionun yoxluğu komandanın hücum gücünü azaltmışdı. Yeni təyin olunan baş məşqçi Zaur Həşimovun təcrübəsizliyi, əlinin altında məhdud sayda oyunçunun qalması və rəqibin getdikcə formaya düşən "Neftçi" olması "Zirə"nin durumunu daha da ağırlaşdırırdı.

Həşimov xələfi Samir Abasovun 5-li müdafiə sistemini dəyişmişdi. O, 4-5-1 taktiki düzülüşünə yer vermiş, dinamik, hərəkətli yarımmüdafiəçilərlə rəqibin orta sahəsini bağlamağı planlaşdırmışdı. Əslində, ilk dəqiqələr gənc mütəxəssisin planlaşdırdığı şəkildə keçdi. Orta sahəni bağlayan qonaqlar rəqibə keçid imkanı vermirdilər. Ancaq dəqiqələr keçdikcə "Neftçi" tempi artırdı. Bu da zirəlilərin işini çətinləşdirməyə başladı. çünki komanda hücuma çıxarkən futbolçular topu itirdikləri zaman geri qayıtmaqda gecikirdilər. Bu da "Neftçi"nin tez-tez orta xətdə boşluqlar tapmasına, rəqibi müdafiədə azlıqda yaxalamasına gətirib çıxarırdı. Oyunun gedişi ev sahiblərinin hesabı açacağından xəbər verirdi. Gözlənilən qol da 27-ci dəqiqədə gəldi.

"Zirə"nin meydanda əsas problemlərindən biri lider çatışmazlığı idi. Oyunu üzərinə götürəcək, komandanı arxasınca aparacaq futbolçunun olmaması pərakəndə oyuna səbəb olurdu. Təkcə Soni Nordenin hücumda fəallığı kifayət etmirdi. Haitili forvard rəqib müdafiəçilərinə çətin anlar yaşatsa da, dəstəksiz qalması qapıya qədər yaxınlaşmasına mane olurdu. "Neftçi"də isə hücum "trio"su tez-tez yerdəyişmələr edərək, rəqib müdafiəçilərinin onları əzbərləməsinə imkan vermirdi.

Hesabın açılması "Zirə"nin olan-qalan oyun intizamını da məhv etdi. Hətta "Neftçi" fasiləyə qədər qarşılaşmanın taleyini həll edə bilərdi. Lakin gah qeyri-dəqiq zərbə, gah qapıçı, gah da qapı dirəyi fərqin artmasına imkan vermədi. Amma fasilədən sonra gözlənilən qolun vurulması üçün cəmi 20 saniyə bəs etdi. Bu qol qəsəbə təmsilçisini tamam "sındırdı". Artıq meydanda gəzərək rəqibinə göz açmaq imkanı verməyən "Neftçi" var idi. "Ağ-qaralar" güclərinin, bəlkə də, heç yarısını sərf etmədən rəqib qapısı qarşısında ard-arda təhlükəli vəziyyətlər yaradırdı. Bordinin yetirmələri meydanda gəzərək 3-cü qolu da vurdu. Ancaq bunun fonunda hücumçular daha 4 real şansı əldən verdilər.

"Neftçi"nin orta səviyyəli oyunla böyükhesablı qələbəsi "Zirə"dəki problemləri açıq şəkildə göstərir. Meydanda nə edəcəyini bilməyən bir komanda var idi. Prinsipcə, bu qədər qol vəziyyətlərinin fonunda 0:3 "Zirə" üçün sevindirici hesab sayılmalıdı. çünki "Neftçi" futbolçuları hücumda daha səliqəli və ciddi davransaydılar, tarixi qələbə qazana bilərdilər.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest