"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk xallarını, ilk qələbəsini Ukraynada qazandı. "Vorskla" ilə Bakıdakı üstün oyuna baxmayaraq, məğlubiyyət baş məşqçi Qurban Qurbanovu dəyişikliklərə vadar etmişdi.
Evdəki qarşılaşmada yenilginin bir nömrəli səbəbkarı Vaqner da Silvanı çərçivədə bu dəfə Hannes Halldorsson əvəzləmişdi. Bədavi Hüseynovun yerinə müdafiənin mərkəzində Rəşad Sadıqovla daha təcrübəli Yakub Jezniçak tərəfdarşlıq etmişdi. Sağ və sol cinahlarda gözlənildiyi kimi, müvafiq olaraq Maksim Medvedevlə Vild-Donald Gerye yer almışdı. Yarımmüdafiədəki "üçlük"də dəyişiklik yox idi. Baş məşqçinin "Vorskla"ya hazırladığı əsas sürpriz isə hücum xətti ilə bağlı idi. Cinahlar Con Delarj və Abdullah Zubirə tapşırılmışdısa, hücumun mərkəzi ucunda Araz Abdullayev qol axtarışında olmalı idi.
Don vurmuş meydançaya uyğunlaşmaqda problem yaşamayan "Qarabağ"lı futbolçular artıq 1-ci dəqiqədəcə hesabı aça bilərdilər. ümumiyyətlə, təmsilçimiz qarşılaşmaya olduqca sürətli, aqressiv başladı, ön xətdəki pressinqlə rəqibə meydanın özünə aid hissəsindən çıxmaq imkanı vermədi. Düzdü, ev sahibləri ilk dəqiqələrdən müdafiəyə oturmaq istəmirdilər. Ancaq güclü pressinq qarşısında aciz görünürdülər. Bu durum cəmi 4 dəqiqə çəkdi. Bundan sonra da topa nəzarət Azərbaycan çempionunda idi və komandamız qol axtarışını davam etdirdi. Meydan sahibləri cinahları bağlamaq lazım olduğunu yaxşı bilirdi və orda sıxlıq yaratmaqla buna nail olmaq istəyirdi. Ancaq güclü təzyiq "Vorskla"nı müdafiədə səhvə məcbur etdi. Müdafiəçinin qapıçıya ötürməsi zəif alınınca topa özünü birinci çatdıran Maksim Medvedev komandamıza penalti qazandırdı və Araz Abdullayev bu əziyyəti hədər etmədi.
Erkən qol arzusuna çatan təmsilçimiz ondan sonra təzyiqi azaltdı, aqressiv futbol əvəzinə ehtiyatlı oyunla nəzarəti əlində saxlamağa çalışdı. Artıq məqsəd iti, sürətli hücumlar qurmaq idi. Ancaq irəlidəki "üçlük" bir-birini tamamlaya bilmədiyindən, həmlələr uğursuz alınırdı.
"Vorskla" isə əsasən sağ cinahdan hücumlar etməklə nəyəsə nail olmaq istəyirdi. Görünür, rəqib Geryenin irəli çox çıxdığını və komandamızın bu cinahda boşluq buraxdığını bilirdi. Ancaq haitili futbolçu bu dəfə çox irəli getmirdi. Görünən o idi ki, Qurban Qurbanov rəqibdən bunu gözlədiyi üçün belə bir tapşırıq vermişdi. Qurbanov bir növ Saçkonun planını öncədən "oxumuş" və onu gözlənilməz gedişlərlə təəccübləndirmişdi. Digər tərəfdən, Delarj da Geryeyə lazımi dəstəyi verirdi. Qara Qarayevin də köməyi ilə "Vorskla" üçün keçilməz sədd qurulmuşdu. ümumiyyətlə, Gerye-Delarj cütlüyünün bir-birini yaxşı tamamlaması diqqətçəkən idi.
"Qarabağ"ın yarımmüdafiədə kompakt oyunu meydan sahiblərini yeni nəsə axtarmağa məcbur edirdi. Qarayev-Slavçev-Miçel "trio"su sıx oyun və qısa ötürmələrlə topa sahib olur, komandamızın meydana rahat "yayılmasına" şərait yaradırdı. "Vorskla"nın müdafiəsi də ideal vəziyyətdə deyildi. Rəqibin arxa xətdə ciddi ötürmə səhvləri ağdamlılara bir növ "hədiyyə" idi. Ancaq sürətli əks-hücumlar zamanı heç qapıya zərbə vurmaq mümkün olmurdu.
İkinci hissənin əvvəlində yerli azarkeşlərin pirotexniki vasitədən istifadəsi yerinə düşdü. çünki "Vorskla" bu yarıya fəal başlamışdı. çox keçmədən bu dəfə qonaq azarkeşlərin eyni addımı matçın ikinci dəfə dayanmasına səbəb oldu. Bu da fiziki cəhətdən güclü rəqiblə qarşılaşan futbolçularımıza dərin nəfəs aldırdı. Azərbaycan çempionunun ikinci hissədəki oyunu hesabı qorumağa hesablanmışdı. "Qarabağ" tempi aşağı salaraq, poltavalıların təzyiqini "boğur", onların komanda şəklində hücum etməsinə mane olurdu. Zubir-Abdullayev cütlüyü isə irəlidə qalaraq, əks-hücumlar zamanı sürətlərindən yararlanmaq niyyətində idilər. Hətta 60-cı dəqiqədə Geryenin başla zərbəsi qolla nəticələnsəydi, intriqa "öləcəkdi".
Rəqibin təzyiqi artıracağını hiss edən Qurban Qurbanov topu ayağında saxlamağı bacaran Mahir Mədətovla Filip Ozobiçi oyuna qoşdu. "Vorskla" yalnız əlavə olunmuş 12 dəqiqənin ilk 8-9 dəqiqəsində "Qarabağ" üzərində ciddi üstünlük qurdu. Hətta qısa müddətdə iki real qol şansı da yaxaladılar. Lakin hər iki epizodda əla "seyv"lə yadda qalan Halldorsson 3 xalı aktivimizdə saxladı. Son dəqiqələrdə isə Azərbaycna çempionu ən yaxşı bacardığı işi görməklə - topu saxlamaqla vaxtı "əritdi" və ilk qalibiyyətini qazandı.
Ruslan SADIQOV Poltava