Adətən qalib komanda mühakimə edilmir. "Qarabağ" da Avropa Liqasının qrup mərhələsində Poltavada "Vorskla"nı məğlub edərək, həm ilk xallarını qazandı, həm də Bakıdakı yenilginin revanşını aldı.
ümumi götürdükdə Azərbaycan çempionu əsl qonaq komandasına xas şəkildə ağıllı futbolla rəqibi çaş-baş qoydu. Bəs fərdi cəhətdən götürdükdə kim necə təsir bağışladı?
Hannes Halldorsson – 90 dəqiqə ərzində islandiyalı cəmi bir dəfə oyuna ciddi şəkildə qoşuldu, onda da top üstünə gəldi. Birinci hissədə iki dəfə geriyə ötürmə zamanı topu ram edə bilməməsi azarkeşləri həyəcanlandırsa da, hər iki halda səhvini özü sığortaladı. Matça əlavə edilmiş dəqiqələrdə isə düz 2 dəfə komandamızı real qoldan xilas edərək, bir anda qəhrəmana çevrildi.
Rəşad Sadıqov – Kapitan başda olmaqla, müdafiəçilərimizə çox yük düşmürdü. Rəqibin cinah keçidlərinə üstünlük verməsi mərkəz müdafiəçilərini çox vaxt, ümumiyyətlə, işsiz qoyurdu. Ancaq cinah ötürmələri zamanı da Sadıqov səhvsiz çıxış edirdi.
Yakub Jezniçak – Rəşadla bağlı deyilən fikri eynilə polşalıya da şamil etmək olar. O da tərəfdaşı kimi, yalnız matça əlavə edilmiş dəqiqələrdə güclü təzyiq hiss etdi və həyəcan keçirdi.
Vild-Donald Gerye – Əsas yük haitilinin üzərində idi. çünki "Vorskla" onun hücumameyilli olmasından yararlanmaq niyyətində idi. Lakin müdafiəçi komanda yoldaşlarının da dəstəyi ilə rəqibə boşluq vermədi.
Maksim Medvedev – Vasili Saçkonun yetirmələri onu çox da narahat etmirdi. Bu baxımdan rahat olan Medvedev qələbə qolundakı canfəşanlığı ilə matçın qəhrəmanlarından biri oldu.
Qara Qarayev – Rəqib "ağırlığı" cinahlara "qoyduğundan", mərkəzdən ona güc düşmürdü. Ancaq poltavalılar hansı cinahdan hücum edirdisə, Qarayev orda peyda olur, komanda yoldaşına lazımi köməkliyi edirdi. Hücumları dəf etmək, topu "oğurlamaq" vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. Ancaq ötürmələrdə səhvlərə yol verdiyindən, geridən oyun qurmaqda çətinlik çəkirdi.
Simeon Slavçev – Bolqarıstanlı sadə oyuna üstünlük verirdi. Düzdü, o da orta sahədə az top itirmirdi. Ancaq müdafiə olunmaqda komandaya ciddi köməyi dəydi.
Miçel – Orta sahədəki "trio"nu yüksək səviyyədə tamamlayırdı. Həm müdafiəyə, həm də hücuma dəstək baxımından fəal idi. İrəlidəki oyunçularla birlikdə pressinq quraraq, rəqibin meydanın mərkəzinə tərəf çıxmasına mane olurdu.
Con Delarj – Birinci hissəni sol, ikinci hissəni isə sağ cinahda keçirdi. Komandanın ən fəal oyunçularından biri idi. Fərdi bacarığından çox, kollektiv oyunçusu keyfiyyətlərini nümayiş etdirdi.
Abdullah Zubir – Delarjdan fərqli, fransalının yer aldığı cinah fəal deyildi. ümumiyyətlə, Zubir ansambldan ayrı düşürdü, potensialına uyğun çıxış etmirdi. Bunun da nəticəsində ilk əvəzlənən məhz o oldu.
Araz Abdullayev – Mərkəz hücumçusu kimi çıxış edən Arazın irəlidəki aqressivliyi, hərəkətliliyi "Vorskla"nın müdafiədən rahat çıxmasına imkan vermirdi. Qələbə qolunun müəllifi hər iki cinahla hücum zamanı ora yaxın olurdu.
Mahir Mədətov – Zubiri əvəzləyən Mədətov ondan çox da fərqlənmədi. Halbuki hansısa epizodda diqqət çəkmək üçün 20 dəqiqədən çox vaxtı var idi.
Filip Ozobiç – Sona yaxın oyuna qoşulan xorvatiyalının işi top saxlamaq idi. O da həlledici məqamda komandaya bunda kömək etdi.
Ruslan SADIQOV Poltava