"Qalib gəlmək istəyimiz böyük idi. Oyunun nə dərəcədə vacib olduğunu dərk edirdik". Matç.az saytı xəbər verir ki, bunu Ukrayna "Vorskla"sının futbolçusu Vladislav Kulaç deyib.
Hücumçu Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ"la matçındakı 0:1 hesablı məğlubiyyətə şərh verib: "Nəticəyə erkən buraxılan qol təsir etdi. Biz topa nəzarət etmək, müdafiədən hücuma ötürmələrlə çıxmaq istəyirdik. Amma keyfiyyətli irəliləyiş yox idi. Sonra rəqibin müdafiəsini uzun ötürmələrlə yarmağa cəhd etdik. Deməzdim ki, rəqibin imkanları çox oldu. Onlar əsasən standart vəziyyətlərdən nə isə etmək istəyrdi. Bizim də belə vəziyyətlərdə bir neçə imkanımız oldu".
Kulaç heç-heçəni daha ədalətli sayır: "Düşünürəm ki, heç-heçəlik oyun idi. Buraxılan qol, xüsusilə də bunu özün yaradırsansa, psixoloji təsir edir. Bakıda "Qarabağ" bir az fərqli oynayırdı. Onlar bizi daha çox meydan boyu açmaq istəyir, biz isə mövqeyimizi saxlayırdıq. Burda isə onlar Ukraynadakı əksər klublar kimi oynadı. Taktiki cəhətdən ikinci, ümumilikdə isə ilk oyun asan idi. çünki səfərdə biz hesabı açanda rəqib irəli atılmışdı və əks-hücumlar üçün önümüzdə sahə açılmışdı. Burda isə əksi oldu. Bakıda bəxtimiz gətirsə də, bu dəfə belə olmadı. Amma ruhdan düşəsi deyilik. Əminəm ki, "Şaxtyor"la çempionat oyunundan sonrakı fasilə xeyrimizə olacaq. "Arsenal"la matça yaxşı hazırlaşacağıq. Bilirik ki, anşlaq olacaq. Əlimizdən gələni edib, futbol oynamağa çalışacağıq".