26 Oktyabr 2019, 20:15
MPL
"Oyuna həddən artıq yaxşı hazırlaşmışdıq. Uşaqlarla danışanda ilk sözümüz də o idi ki, "Zirə"nin əzmini qaytaraq". Matc.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib.
Azərbaycan Premyer Liqasının IX turunda "Sabah"ın qonağı olan qəsəbə təmsilçisi son dəqiqələrdə vurduğu qolla bərabərliyə (2:2) nail olub.
Oyundan sonra təşkil edilən mətbuat konfransında Həşimov fikrini bu sözlərlə davam etdirib: "Komandamız bu gün xarakter göstərdi. Ardıcıl iki qol buraxdıq. Ən pisi odu ki, qolları mübarizəsiz buraxdıq. Qapımıza üç zərbə oldu, hər üçü qol oldu. İkinci hissədə meydanda tam fərqli "Zirə" oldu. Buna görə oyunçuları təbrik etdim".
- Ehtiyatda hücumu gücləndirəcək futbolçu yox idi? Məsələn, Nordeni meydana buraxa bilməzdiz?
- Norde ötən oyunun ikici hissəsində meydanda oldu. Hücumçu keyfiyyətlərində axsayırdı. Qadze isə bu gün yaxşı vəziyyətdə idi. İkinci hissə boyu Qadzedən yorulub-yorulmadığını soruşdum. Buna uyğun qərar verdik.
- Buraxılan hər iki qola görə qapıçının günahı nə dərəcədədi?
- Komandaya əvvəldən gəlməmişəm. Nə olur-olsun, bu uşaqlarla davam edəcəm. Orxanın daim arxasındayam. Futbolda səhvlər qaçılmazdı.
- Gənc futbolçuların ən böyük problemi fiziki çatışmazlıqdı. Ancaq Nicat Süleymanov bu gün sona qədər mübarizə apardı. Bu yöndə çalışmalarınız olur?
- Nicatla dünən söhbətim oldu. Bu barədə danışdıq. Onun bugünkü çıxışı məni də sevindirdi.
- Tellur sanki oyuna adaptasiya oluna bilməmişdi...
- O, 3-4 gün idi komanda ilə məşqlərə qoşulub. Həm də əvvəlki məşqçinin istəkləri hələ də oyunçuların beyinlərində qalır. Hər şey biz istədiyimiz kimi ola bilməz.