Premyer Liqada IX turun son oyunu təkcə meydana çıxan komandalar deyil, digərləri üçün də maraq doğururdu. çünki bir gün əvvəl qələbə qazanan "Neftçi" "Qarabağ"ın büdrəməsinə, digərləri isə "Səbail"in məğlubiyyətinə ümid edirdilər.
"Səbail"in start heyətində yeganə əcnəbi Yevgeni Koçuk idisə, "Qarabağ"da da 8 yerli ilk dəqiqələrdən meydanda yer almışdı. Qurban Qurbanov müəyyən dəyişikliklərə əl atsa da, oyun sistemi olduğu kimi qalmışdı. Rəqiblərə görə taktika müəyyənləşdirməklə seçilən Aftandil Hacıyev isə yenə maraqlı gediş etmişdi. Komanda meydana 5-5-0 taktikası ilə çıxmışdı. Yəni qəsəbə təmsilçisi faktiki olaraq hücumçusuz mübarizə aparmalı idi. Cinah yarımmüdafiəçisi kimi görünən Ağabala Ramazanov və Fəhmin Muradbəylinin rolu epizoda görə dəyişirdi. Komanda topa sahib olduğu zaman mərkəzə meyillənən cütlük taktikanı 2 hücumçuya çevirirdi.
Orta sahədə sıx görünən "Səbail" ilk dəqiqələrdən irəlidə pressinq edərək, rəqibin geridən oyun qurmasına imkan vermirdi. Təbii ki, sona qədər bu tempdə oynamaq mümkün deyildi. Xüsusən də, "Qarabağ" kimi rəqibə qarşı. Qonaqlar 5-10 dəqiqə irəlidə pressinq tətbiq etdikdən sonra müdafiəyə çəkilərək, bir növ yorğunluğunu çıxarır və əks-hücuma üstünlük verirdi. Aftandil Hacıyevin bu taktikasını uğurlu saymaq olar. çünki futbolçular "rəqibə oynamaq imkanı verməyin" tapşırığının öhdəsindən məharətlə gəlirdilər. Əks-hücum zamanı isə Ağabala-Fəhmin cütlüyü sürəti hesabına "Qarabağ"ın müdafiə xəttinə çətin anlar yaşadırdı. Xüsusən də, birinci onu qarabaqara izləyən Rahil Məmmədovla əksər duellərdən qalib ayrılırdı. Milli üzvlərinin qarşıdurmaları zamanı Məmmədov rəqibi qarşısında aciz görünürdü. Birinci hissədə düz 3 epizodda hər şeyi gözəl yerinə yetirən Ağabalanın son ötürməsi normal olsaydı, Fəhmin qapıçı ilə təkbətək çıxacaqdı. Rahilin sürətdə uduzduğunu görən "Səbail" futbolçuları adəti üzrə uzun ötürmə ilə Ağabalanı topla təmin etməyə çalışırdı. İlk hissənin sonlarında temp bir qədər yüksəlsə də, bu, heç nəyi dəyişmədi.
Fasilədən sonra da oyunda sürət aşağı idi. "Qarabağ"ın tempi yüksəltmək istədiyi dəqiqələrdə "Səbail" ağıllı müdafiə olunaraq, rəqibə bu imkanı vermirdi. Hücumdakı "dişsizlik" Qurban Qurbanovu birdən-birə iki əvəzləməyə vadar etdi. Baş məşqçi passiv Maqaye Qeye və faydasız Araz Abdullayevə 59 dəqiqə dözdü. Dəyişikliklərdən sonra hücumun mərkəzinə keçən Mahir Emreliyə cinahlardan artıq Dani Kintana və Abdullah Zubir kömək etməli idi. Oyunun axarı qonaqların ürəyincə olduğundan, Aftandil Hacıyev əvəzləməyə ehtiyac duymurdu. "Qarabağ" qapıçı cərimə meydanı həndəvərində paslaşsa da, qol vəziyyəti yarada bilmirdi. Dəqiqələr keçdikcə, bakılılar artıq mərkəzə də yaxınlaşa bilmirdilər. Xüsusən də, oyunboyu hərəkətdə olduğu üçün yorulan Ağabalanın meydanı tərk etməsi komandanın olan-qalan hücum gücünü də yox etdi.
Qarşılaşmanın gedişi qolsuz bərabərlikdən xəbər verirdi. Belə vəziyyətə rəqibi yalnız uzaq məsafədən zərbə ilə məyus etmək mümkün olardı. Bunu da 87-ci dəqiqədə Qara Qarayev bacardı. Kamal Bayramov ikinci hissədə çərçivəyə gələn ilk təhlükəli zərbə qarşısında aciz qalınca, "Səbail" çox yaxın olduğu 1 xaldan məhrum qaldı. "Qarabağ" isə çətin qələbə sayəsində "Neftçi" ilə ağır oyun öncəsi xal fərqini qorudu.
Ruslan SADIQOV