Avropa Liqasının qrup mərhələsinin IV turunda "Vorskla"ya qalib gələn "Qarabağ" 1/16 finala vəsiqə üçün nəzəri şanslarını qoruyub. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionunun qrupdan çıxmaq yolu çərin olsa da, mümkünsüz deyil.

İlk üç oyunda qol vurmadan məğlub olan Qurban Qurbanovun yetirmələri özlərini kifayət qədər ağır vəziyyətə salıb. Poltavada Ukrayna təmsilçisi üzərində 1:0 hesablı qələbə də komandanın sonuncu pillədən qurtulması üçün yetərli olmayıb. Lakin bu 3 xal ən nikbin azarkeşlərdə müəyyən ümid işığı yandırıb.

Təbii ki, qrup sonuncusu olan "Qarabağ"ın taleyi də artıq tək öz əlində deyil. Noyabrın 29-da Portuqaliya "Sportinq"ini qəbul edən, dekabrın 13-də İngiltərədə "Arsenal"ın qonağı olan Ağdam klubu həm özü sərfəli nəticələr qazanmalı, həm də digər matçların qənaətbəxş bitməsini gözləməlidi. Bəs görəsən, təmsilçimiz hansı hallarda bu oyunlarda nəyə ümid etməlidi? V turun "Vorskla" - "Arsenal", son oyun gününün "Sportinq" – "Vorskla" görüşləri "Qarabağ"ın taleyi baxımından önəmlidi.

İki qələbə

Təbii ki, Qurbanov və komandası son iki qarşılaşmaya 6 xal üçün çıxacaq. çətin görünən bu vəzifə ağdamlılar üçün ən sərfəli nəticədi. Lakin bu da bütün hallarda komandanı 1/16 finala daşımır.

Gözlər Lissabonda. "Arsenal" artıq 1/16 finaldadı. İkinci vəsiqəyə en real namizəd isə "Sportinq"di. Son iki turda əldə olunacaq qələbə də Portuqaliya klubundan öndə qərarlaşmağa imkan vermir. Pireneyliləri keçmək üçün lissabonlular Bakıda uduzduqdan sonra evdə "Vorskla" ilə görüşdə də xal itirməlidi.

"Arsenal"a dikilən ümid. Lissabondakı ən ideal variant heç-heçədi. çünki hər iki rəqib – "Sportinq" də, "Vorskla" da xal itirmiş olur. Poltavalıların qalib gəlməsi o vaxt sərf edər ki, bunadək "Arsenal"la görüşdə xal itirsin. Əgər londonlular ümidləri doğrultmayıb səfərdə Ukrayna klubuna məğlub olsa, sonuncuların "Sportinq"i yenməsi yox, bərabərliyi lazımdı.

Topları sayaq?. İlk baxışdan "Vorskla"nın da "Qarabağ" kimi finişdə iki qələbə qazanması da qorxulu görünmür. Amma... Belə olanda hər iki komandanın xalı eyni olacaq. Şəxsi oyunlarda tam bərabərlik olduğundan top fərqi həlledici xarakter daşıyacaq.  Hazırda bu rəqəmlər "Vorskla"da 4:7, "Qarabağ"da 1:6-dı. Hər iki komandanın qələbələri sıralayacağı təqdirdə çempionumuz rəqibi ilə qiyabi mübarizədə 3 top artıq fərqə (bu fərq 2-yə bərabər olsa, vurulan qol sayında da əskikliyi aradan qaldırmaq lazım gələcək) nail olmalıdı. Bu isə çox çətindi. çünki poltavalılar hər iki matçı minimal fərqli qələbəylə yekunlaşdırsa, "Arsenal" və "Sportinq"i 5 top fərqilə yenmək lazımdı. Yəni ən azı bir oyunda böyük hesab qeydə alınmalıdı.

Bakıda qələbə mütləqdi

Turnir cədvəlindəki vəziyyət elədi ki, "Qarabağ" iki qələbə qazanmadan da 1/16 finala adlaya bilər. Bunun üçün isə 4 xal və digər qarşılaşmaların ideal nəticələrlə bitməsi lazımdı. Təbii ki, 4 xalın özü də arzulanan şəkildə qazanılmalıdı: "Sportinq" üzərində qələbə, "Arsenal"la heç-heçə. Bakıdakı xal itkisi isə Londondakı görüşü formallığa çevirəcək. Bir sözlə, Bakı Olimpiya Stadionunda qələbə mütləqdi. özü də bu, ən azı 2 top fərqllə olmalıdı. Ardınca əldə olunacaq heç-heçə digər matçlara nəzər yetirmək imkanı verəcək.

"Vorskla"dan məğlubiyyət və qələbə. "Qarabağ"ın 4 xalla 2-ci olması üçün gərək "Sportinq" son turda "Vorskla"ya uduzsun. Bunadək isə "Arsenal" ukraynalılara qalib gəlsin. Belə olan vəziyyətdə 2-dən artıq top fərqi ilə qalib gəlməsi Azərbaycan təmsilçisini 1/16 finala daşıyacaq. "Sportinq" 2:0 hesabı ilə məğlub edilsə (3:1, 4:2 kimi nəticələr rəqibin lehinədi), ümumi top fərqinə baxılacaq. Onda da ağdamlılar çətin duruma düşəcək, "Vorskla"nın portuqaliyalılara daha çox top vurmasından asılı olacaq.

Yenə topların ümidində. "Vorskla" "Arsenal" üzərində qələbə qazansa, 4 xal "Qarabağ"a kifayət etmir. Ona görə də ən pis halda Poltavada heç-heçə olmalıdı. Bu isə sonda hər üç komandanın 7 xal olması ehtimalı yaradır. Söhbət Azərbaycan və Ukrayna klublarının pireneyliləri yenməsi, hər ikisinin britaniyalılarla sülh bağlamasından gedir. Onda "Sportinq" çatacaq "Qarabağ" və "Vorskla" üç komanda arasındakı matçların top fərqinə (şəxsi oyunlardakı xallar da bərabər olacaq) baxmalı olacaq. Burada çoxsaylı variantlar var. Onlar arasında ən diqqətçəkəni isə Lissabon klubu üzərində 3 və ya daha çox fərqlə qələbə, ukraynalıların isə minimal fərqlə sevinməsidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest