"Keşlə"nin futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının XI turunda evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.  Matc.az xəbər verir ki, kapitan nəticənin gözlənilməz olmadığını bildirib.

Müdafiəçi oyuna öncədən yaxşı kökləndiklərini vurğulayıb: "Neftçi"nin necə komanda olduğunu bilirdik. Onların həm səviyyəli legionerləri, həm də yaxşı yerli futbolçuları var. Emin Mahmudovdan tutmuş, Rəhman Hacıyevə kimi, hamısı səviyyəli oyunçulardı. Bilirdik ki, çətin oyun olacaq. Həftəboyu Tərlan müəllim bizi bu görüşə çox yaxşı kökləmişdi. Kim çox istədi, o da qalib gəldi".

- Fasiləyə hesabda geridə yollanmışdınız. Fasilədə nə dəyişdi? Tərlan Əhmədov göstəriş verdi, yoxsa özünüzdə inam yarandı?

- Oyuna pis başlamamışdıq. çoxsaylı qol epizodlarımız oldu. Onlardan yararlana bilmədik. İlk hissənin sonuna az qalmış standart vəziyyətdən qol buraxdıq. Bilirdik ki, onların standart vəziyyətlərdən yaxşı istifadə edən, başla yaxşı zərbələr endirən futbolçuları var. İlk hissəni məğlub başa vurduq. Fasilədə Tərlan müəllim bizi ruhlandırdı. Həm də biz özümüzə inanırdıq ki, ikinci hissədə çıxıb, onları udacağıq. Orda yığışıb, dedik ki, birinci 45 dəqiqəni uduzmuşuq, amma ikinci hissədə qalib gələcəyik.

- Həm oyunun gedişində, həm də matçdan sonra Dabo ilə mübahisəniz oldu. Orda nə baş vermişdi? Deyəsən, sizi söhbəti aydınlaşdırmaq üçün çölə çağırırdı...

-  Xeyr. O kimdi ki, məni söhbətə çağırsın. Standart vəziyyətlərdə mən Dabo ilə oynamalı idim. O, çatmayanda əli ilə məni vururdu. Birinci dəfə heç nə demədim. İkinci dəfə əsəbləşdim, hakimə bildirdim. Bu, qırmızı vərəqəlik vəziyyət idi. O, ingiliscə söyüş söydü. Mən də hirsləndim.

- Düşünmürsünüz ki, hesab 2:1 olanda "Neftçi" futbolçuları sizə qarşı daha da aqressivləşirdi. Hətta məşqçilər arasında da mübahisə yaşanırdı. Belə görünür ki, sizin qələbəniz "Neftçi"nin futbolçularını qıcıqlandırırdı...

- Onlar məğlub durumda idilər. Artıq müdafiəçiləri belə hücumda oynayırdılar. Amma biz kollektiv şəkildə mübarizə apardıq. Qol buraxmadıq.

- Turnir cədvəlində ikinci pilləyə yüksəldiniz. Bu, qalıcı olacaq?  İddianızı ortaya qoydunuzmu?

- Komanda yığılanda bizə deyilib ki, sona kimi ilk "3-lük"də olaq. Şükürlər olsun ki, ikinci pillədəyik. Belə davam etmək istəyirik.

- Milli komandaya dəvət olunmursunuz. Yəqin ki, özünüzü hazır hiss edirsiniz. Hər matçda oynayırsınız. Sizcə, dəvət olunmamağınızın səbəbi nədi?

-  Yəqin, o məşqçilər elə bilirlər ki, mən tam hazır deyiləm. Mən özümü hazır hiss edirəm. Milli komandaya kömək etmək bizim borcumuzdu. Hər bir məşqçinin öz baxışı var. çağırsa da, sağ olsun, çağırmasa da. Biz sonadək milli komandamıza dəstək olacağıq. İnşallah, növbəti toplanışlarda dəvət olunarıq. Amma mən hazıram, heç kimdən zəif deyiləm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest