"Futzalçılar verilən tapşırıqları yerinə yetirmək üçün çox çalışdılar. Demək olar, əllərindən gələni etdilər". Matç.az saytı xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komansının məşqçisi Ağatahir Əzimov deyib.

Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə Tbilisidə keçirilən yoldaşlıq oyunundan sonra mütəxəssis görüş barədə fikirlərini azfutzal.az saytına açıqlayıb: "İlk beynəlxalq oyunumuz olsa da, yaxşı çıxış etdik. Birinci hissədə daha rahat oynadıq və fasiləyə qalib yollandıq. Bu üstünlüyümüzü ikinci hissənin ortalarına qədər davam etdirdik. Fərqi artırana qədər gərginlik hiss olunmurdu. Sonra rəqib qapımıza yol tapdı. Ancaq futzalçılarımız oyun intizamından qopmadılar və 2 topluq fərqi yenidən bərpa etdilər. Bundan sonra meydan sahibi komanda qapıçını da meydan oyunçusu ilə əvəz etdi. Artıq futzalçılarımızın əziyyət çəkdiyi aydın idi. Düzdü, məşqlərdə "5-in 4-ə" üzərində də işləmişdik. Əziyyət çəksək də, oyun intizamından qopmamağa çalışdıq. Hərçənd səhvə yol verdik və görüşün son dəqiqəsində onlar qol vurdular. 3:2-dən sonra hesabı qorumağa çalışdıq. ümumiləşdirsək, yaxşı oyun göstərdiyimizi deyə bilərəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest