10 Noyabr 2019, 23:43
MPL
Bu, komandamız üçün çox vacib oyun idi. Matç çox gərgin alındı. Premyer Liqada ən yaxşı komandaya qarşı yaxşı mübarizə apardıq və lazımi xalı qazandıq. Amma bu mübarizliyi ilk hissəyə şamil etməzdim
"Bu, komandamız üçün çox vacib oyun idi. Matç çox gərgin alındı. Premyer Liqada ən yaxşı komandaya qarşı yaxşı mübarizə apardıq və lazımi xalı qazandıq. Amma bu mübarizliyi ilk hissəyə şamil etməzdim. Fasilədən sonra daha yaxşı mücadilə etdik və sonda 1 xalı qazanan tərəf olduq".
Matc.az saytının məlumatına görə, bunu "Zirə"nin qapıçısı Boyan Zoqoviç səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Monteneqrolu qolkiper bildirib ki, Zaur Həşimovun gəlişindən sonra komandada daha çox xarakter dəyişikliyi baş verib: "Həşimovun gəlişindən sonra ilk oyunu "Sabah"a qarşı keçirmiş və məncə, layiqli mübarizə aparmışdıq. Amma qalib gələ bilməmişdik. Növbəti matçda "Sumqayıt"a qarşı oyunumuz elə də yaxşı alınmamışdı. Amma onlardan da 1 xalı qazanmışdıq. Bu gün "Qarabağ"dan götürdüyümüz 1 xal xarakter dəyişikliyinin nəticəsidir. Amma qış fasiləsinədək bizi çempionatda daha 3 gərgin oyun gözləyir. Bəzən düşünürəm ki, bunların hər biri bizim üçün final xarakteri daşıyır. Hər şey mümkündür".
30 yaşlı oyunçu "Qarabağ"dakı həmkarı və dostu Asmir Beqoviçin işinin elə də çətin olmadığını vurğulayıb: "Bu sözləri dostum olduğu üçün demirəm. Beqoviç İngiltərə Premyer Liqası görüb. Nəinki Azərbaycanda, hətta dünyada ən yaxşı qapıçılardandır. Həmçinin, ona qol vuran komanda yoldaşım Riçard Qadze öz keyfiyyətini göstərdi. Qadze yaxşı futbolçudur və Beqoviçə indiyədək qol vuran futbolçulardan biri oldu. Asmirin işi "Qarabağ"da elə də çox deyil. Digərlərini bilmirəm, mənim "Zirə"də hər oyun 4-5 seyvim olur. Amma "Qarabağ"da oynadığı üçün Beqoviçin seyvləri məncə, azdır".
Zoqoviç milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində "Zirə"nin 2 günlük istirahətinin olacağını, daha sonra məşqlərə başlayacaqlarını söyləyib. O, növbəti turda komandasını "Keşlə" ilə gərgin oyunun gözləyəcəyini diqqətə çatdırıb: "Bu, heç də asan matç olmayacaq. Amma qazanılan xallar bizim üçün çox vacib sayılacaq".