"Qarabağ"ın ev oyunlarındakı uğurlu seriyaları qırılıb. Matc.az xəbər verir ki, "Zirə" ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan çempionu Premyer Liqanın 2019/20 mövsümündə ilk dəfə öz meydanında xal itirib və qol buraxıb.
Qurban Qurbanovun yetirmələri evdə sonuncu dəfə 2019-cu il martın 9-da xal itirmişdi. ötən mövsümün "Zirə" ilə qarşılaşmasında qolsuz heç-heçə edən ağdamlılar bundan sonra ardıcıl 8 qələbə qazanıb. "Qarabağ" ötən mövsümdə "Sabah" (3:0), "Keşlə" (3:0), "Səbail" (4:0), cari çempionatda isə "Qəbələ" (3:0), "Neftçi" (2:0), "Sumqayıt" (2:0), "Sabah" (2:0) və "Səbail" (1:0) üzərində qələbələri sıralayıb.
246 gündən sonra evdə xal itkisi ilə üzləşən Ağdam təmsilçisi quru hesabla qalib gəldiyi 8 matç, həmçinin "Zirə"ylə ötən mövsümdəki görüşdə qol buraxmamışdı. Evdə ardıcıl 9 quru oyun keçirən komanda sonuncu dəfə 266 gün əvvəl - fevralın 17-də "Qəbələ"dən qol buraxıb – 2:1.