Premyer Liqada yaranmış fasilə XII turun açılış oyunu ilə başa çatdı. Axır vaxtlar yaxşı forma yığan "Sumqayıt" son çempion "Qarabağ" sınağına çıxırdı. Rəqibin durumunu nəzərə alsaq, "gənclik şəhəri" təmsilçisinin çempiondan xal almaq üçün bundan gözəl fürsəti ola bilməzdi.
Milli komandaların oyunlarından sonra "Qarabağ" adətən ilk turda əziyyət çəkir. Həm yaranmış fasilədən sonra ilk tur olması, həm də soyuq hava səbəbindən sürətli, keyfiyyətli oyun gözlənilmirdi. "Qarabağ"ın komanda şəklində formada olmaması, eyni zamanda hazırda bütün diqqətini gələn həftəiçi "Sevilya" ilə keçiriləcək Avropa Liqası matçına yönəltməsi sumqayıtlıları ümidləndirən digər məqamlar idi.
Qurban Qurbanov futbolçuların oyun ritmini itirməməsi üçün əsas heyətin əksər üzvlərini meydana buraxmışdı. Ayxan Abbasov isə ötən iki turdakı uğurlu oyunların "11-liy"ində cəmi 1 dəyişikliyə əl atmışdı. Cinah müdafiəçisi mövqeyində bu dəfə Sərtan Taşqın yox, Süleyman Əhmədov çıxış edirdi. Hər iki komanda standart taktikasına sadiq qalmışdı. Ev sahibləri 5-4-1, qonaqlar isə 4-5-1-lə meydana çıxmışdı. Təbii ki, matçın gedişində hücum/müdafiə funksiyalarında taktiki düzülüş epizoda uyğun dəyişirdi.
Artan təzyiqlə gələn kuryoz qol
Oyunun startı gözləntiləri doğrultdu. İlk dəqiqələrdən topa yiyələnən "Qarabağ" öz oyununu sərgiləməyə çalışdı. Ancaq Ağdam təmsilçisi bunu özünü çox yükləmədən edirdi. Qonaqlar orta sahədə sıxlıq yaradan rəqibin qapısına yaxınlaşmaqda bir qədər çətinlik çəkirdilər. Top qapıçı cərimə meydançası həndəvərində "gəzsə" də, Mehdi Cənnətova çox iş düşmürdü. Qonaqlar millimizin qapıçısını bəzi epizodlarda yalnız həyəcanlandıra bilirdilər. "Gənclik şəhəri" təmsilçisinin orta sahə oyunçularının bir-birini yaxşı başa düşməsi komandanın sürətli hücuma çıxmasına şərait yaradırdı. Lakin "Zirə" və "Sabah"dan fərqli, "Qarabağ"ın daha keyfiyyətli yarımmüdafiəçiləri onlara çox boşluq vermirdilər.
"Sumqayıt"da 3-lü mərkəz müdafiənin solunda yer alan Camaladdin Xocaniyazovun bir qədər zəif təsir bağışlaması diqqətdən yayınmırdı. Onun tez-tez mövqeyini itirməsi "Qarabağ"ın sağdan təhlükəli həmlələrinə yol açırdı. Qonaqlar yarım saatın tamamından etibarən təzyiqi artırmağa başladı. "Kimyaçılar" bu pressinq qarşısında artıq əziyyət çəkir, tez-tez kobudluğa əl atırdılar. Qurban Qurbanovun yetirmələri tempi artırmağın bəhrəsini 36-cı dəqiqədə gördülər. Xayme Romeronun cərimə zərbəsindən vurduğu topa uğursuz toxunuş edən Xocaniyazov hesabın açılmasına səbəb oldu. Halbuki zərbə o qədər də təhlükəli alınmamışdı və qapıçının üstünə gedirdi. Bu qolla rahatlayan "Qarabağ" rəqibi topsuz qoyaraq, fasilə öncəsi meydanda bir az dincəldi.
Oyunu dəyişən əvəzləmə, eyni ssenarili qollar...
Ancaq ikinci hissədə meydanda tam başqa "Qarabağ" var idi. 5-10 dəqiqəlik top uğrunda mübarizədən sonra ağdamlıların oyun sistemi pozuldu. Ya futbolçular arxayınlaşaraq artıq "Sevilya" ilə matçı düşünürdülər, ya da yorğunluqdan meydanda qaçmağa halları qalmamışdı. Xüsusən də, yarımmüdafiənin mərkəzində yer alanlar özlərinə bənzəmirdilər. Riçard Almeyda ilə Miçel çox ağır hərəkət edirdi, İsmayıl İbrahimli isə geri qayıtmırdı. Əks tərəfdə isə ilk yarıda passiv görünən Rəhim Sadıxovun əvəzinə Səbuhi Abdullazadənin meydana daxil olması komandanın orta sahəsində canlanmaya səbəb oldu. Bu, Aleksey İsayevin də daha rahat irəli çıxmasına şərait yaratdı.
"Qarabağ" futbolçuları artıq çox top itkilərinə yol verməyə başladılar. Bu itkilər zamanı da orta sahə oyunçularının vaxtında geri qayıtmamaları müdafiəçiləri çətin duruma salırdı. "Sumqayıt" həmin ərəfədə ilk ciddi cəhdindəcə hesabı bərabərləşdirməyə müvəffəq oldu. Oyunu aşağı səviyyədə keçirən Ailton Silvanın meydanda gəzməsi, Rəşad Sadıqovun onu sığortalamaq cəhdinin uğursuz alınması, Rahil Məmmədovun sürətdə çatdırmaması... Bütün bu zəncirvari səhvlər Peyman Babayinin toru silkələməsinə yol açdı. "Qarabağ" özünə gəlməmiş ikinci dəfə mərkəzə dəvət olundu. Sanki ilk qolun təkrarını izlədik. Yenə Aleksey İsayevin gözəl ara pası, Ailton Silvanın irəlidə qalması, Rəşad Sadıqovla Rahil Məmmədovun çatdırmaması Peyman Babayini qapıçı ilə üzbəüz qoydu. İranlı forvard bu dəfə də topu eyni küncə göndərdi. İkinci topda Miçelin "əməyi" də xüsusi idi. İspaniyalı orta sahədə topu ələ keçirən Alekseyin qarşısını almağa heç cəhd də etmədi.
"Qarabağ"ın, onsuz da, oyununun alınmadığı bir vaxtda İsmayıl İbrahimlinin heç nədən qırmızı vərəqə alması meydan sahiblərinin işini bir qədər də asanlaşdırdı. Araz Abdullayev və Mahir Emrelinin meydana daxil olması da heç nəyi dəyişmədi. Ayxan Abbasov isə sona yaxın Peymanı əvəzləyərək, hücumçusuz oynamağı üstün tutdu. Oyuna qoşulan müdafiəçi Elvin Bədəlov dayaq yarımmüdafiəçisi vəzifəsini icra etməli idi. Son dəqiqələri hücumda keçirən Əmir Ağayev də əlavə olunmuş dəqiqələrdə İsayevdən möhtəşəm ötürmə aldı. O, Asmir Beqoviçlə təkbətək duelən məğlub ayrılaraq, Alekseyin assist sayında het-trikinə mane oldu. Buna baxmayaraq, oyuna nəzarəti sona qədər itirməyən "Sumqayıt" qələbə hesabını qorumağ bacardı.
Bununla ikinci dövrəni zəif keçirən "Qarabağ" cari mövsüm Premyer Liqada ilk məğlubiyyətini aldı.
Ruslan SADIQOV