"Fasilədən sonra bütün komandaların istənilən səviyyədə çıxış etmələri çətin olur. Bugünkü matçda bərabər oyun gedirdi. İlk qolu biz vurduq. Bundan sonra hesabı qorumalı idik. Amma qırmızı vərəqə alaraq, 3 top buraxdıq".

"Səbail"in futbolçusu Yervgeni Koçuk evdə "Sabah"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra brifinq keçirib. Matc.az saytının məlumatına görə, moldovalı yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

- Məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?

- Fasilədən sonra bütün komandaların istənilən səviyyədə çıxış etmələri çətin olur. Bugünkü matçda bərabər oyun gedirdi. İlk qolu biz vurduq. Bundan sonra hesabı qorumalı idik. Amma qırmızı vərəqə alaraq, 3 top buraxdıq. Oyunun əvvəlində isə təmiz penaltimiz verilmədi. Bilmirəm nəyə görə belə edirlər? "Keşlə" ilə matçda təmiz qolumuzu saymadılar. Penaltimizi vermirlər. özümə də çox maraqlıdı ki, nəyə görə belə hallar baş verir.

- Artıq 8 oyundu ki, qalib gələ bilmirsiniz. Bunun səbəbi nədədi?

- Heç də pis çıxış etmirik. Əksinə, yaxşı oynayırıq. Sadəcə, 8 oyundu yaratdığımız imkanlardan yararlana bilmirik.

- Amma bu matçda hesabda öndə idiniz. Qələbə üçün nə çatmadı?

- Sadəcə, konsentrasiya. 10 dəqiqə də dözmək lazım idi.

- Adil Nağıyevin qırmızı vərəqə alması üzündən azlıqda qalmağınız nəticəyə təsir etdi?

- Təsir etdi, amma qalan 5 dəqiqədə də 10 oyunçu ilə hesabı qorumaq olardı.

- Qış fasiləsinədək qalan 2 turda nəyə ümid edirsiniz?

- Oyunlara köklənəcək və meydana qələbə üçün çıxacağıq. Daha nə etməliyik? Pis nəticələr göstəririksə, çempionatda iştirak etməməliyik? Səhvlərimizi analiz edəcək, toparlanacaq və qalibiyyət uğrunda mübarizə aparacağıq.

- "Qara zolaq"dan çıxa biləcəyinizə ümidiniz var?

- Əlbəttə. Niyə də yox?! Sadəcə, bir oyunu udmağımız lazımdı. Gerisi özü gələcək. Mən belə hesab edirəm. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest