24 Noyabr 2019, 18:41
MPL
"Baş məşqçimiz qol epizodlarına daha çox girərək bunlardan yararlanmağımızın vacibliyini demişdi. Taktikamız belə idi ki, hücumlara da tez-tez çıxaq. Komandamızda Tiqrucanın da öz yeri var"
"Açığı, belə qələbə qazanacağımızı gözləmirdik. Amma meydana bunun üçün çıxmışdıq. çünki turnir cədvəlindəki mövqeyimiz ürəkaçan deyildi. Qonşuluğumuzdakı komandalar da turu qalibiyyətlə bitirdiklərindən, mübarizədən qopmamaq üçün 3 xal əldə etmək istəyirdik. Sevinirik ki, buna nail ola bildik".
Matc.az saytının məlumatına görə, bunu "Zirə"nin futbolçusu Cavid Hüseynov evdə "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Kapitan bildirib ki, oyuna aqressiv başlamaları da məhz qələbə istəyindən qaynaqlanıb: "Paltardəyişmə otağında da, isinmə hərəkətləri edərkən də hamı meydanda can qoymağın və qələbə qazanmağın vacibliyini anlayırdı. Bunun üçün isə ilk növbədə, istəkli çıxış etmək, vuruşmaq lazımdır. Bunu kollektiv şəkildə bacardıq. Kiçikdən böyüyədək hamı meydanda işini gördü".
özünün daha istəkli görünməsinin səbəbini bilmədiyini deyən 30 yaşlı yarımmüdafiəçi bu suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib: "Bəlkə növbəti oyunda da pis oynayacağam və ya yenə davamı gələcək... Demək çətindir. özüm və komanda şəklində davamını gətirmək istərdik. çalışacağıq ki, boşalmayaq, bu qələbəni tez unudaq və növbəti matça hazırlaşaq".
Hüseynov qol imkanlarını əldən vermələrindən narahatlığını da ifadə edib. O, ilk yarıda 3 qol vurmaqla yanaşı, elə bu qədər də fərqlənmək şansını qaçırdıqlarını diqqətə çatdırıb: "Onları da vursaydıq, hesab fərqli olardı. Amma bu, futboldur. Belə halların da olduğunu başa düşürük. İstər biz, istərsə də rəqiblər bu cür imkanları qaçıra bilərlər. Məncə, futbolun gözəlliyi də bundadır".
"Zirə"dəki milli üzvlərinin "Keşlədəkilərlə müqayisədə daha yaxşı təsir bağışladıqlarını dair məsələyə gəldikdə, təcrübəli futbolçu kollektiv şəkildə yaxşı çıxış etdiklərini vurğulayıb. Onun sözlərinə görə, heyətdə kimisə fərqləndirmək çətindir: "Həqiqətən də hamı yaxşı oynadı. Hər bir mövqedəki futbolçular öz üzərlərinə düşən işi artıqlaması ilə yerinə yetirdilər. Milli üzvlərini ayırmazdım. "Keşlə" əvvəllər yaxşı çıxış edib".
Həm müdafiə, həm də hücumda oynamaqla komanda yoldaşı Şafik Tiqrucanın da işini gördüyünü deyən Hüseynov bunu baş məşqçi Zaur Həşimovun taktikası kimi dəyərləndirib: "Baş məşqçimiz qol epizodlarına daha çox girərək bunlardan yararlanmağımızın vacibliyini demişdi. Taktikamız belə idi ki, hücumlara da tez-tez çıxaq. Komandamızda Tiqrucanın da öz yeri var. Əlavə nə isə demək istəmirəm. Komandama kömək etməyə, nəticəyə təsir göstərməyə çalışdım. Hətta qaçırdığım bir yüzfaizlik qol imkanım oldu. Ona görə də çox məyus idim. çalışırıq ki, nə isə əldə edək".
Yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz nəticədən sonra Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı məsələyə münasibət bildirmək istəmədiyiyini söyləyib: "Açığı, bu sualı emosional formada cavablandırmaq, ümumiyyətlə, mövzuya girmək istəməzdim. Qrupumuz həqiqətən də ağır idi. Amma daha çox xal toplaya bilərdik. Təəssüf ki, bacarmadıq. Sözsüz ki, hər bir nəticəyə baş məşqçi cavabdehdir. Axırda sorğulananan o olur. AFFA rəhbərliyi qərara gələ bilər ki, Nikola Yurçeviç getsin və ya qalsın. Mənim hansısa fikir söyləməyimin mənası yoxdur. Bu, nəticəyə də təsir göstərməyəcək. Ona görə də əlavə fikir səsləndirmək istəmirəm"