"Zirə"nin hücumçusu Xulio Sezar Rodriges Azərbaycan Premyer Liqasında 3-cü dəfə dubla imza atıb. Matc.az klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bu, XII turun "Keşlə" ilə qarşılaşmasında baş verib.

Forvard klubun tarixinə Premyer Liqada ən çox dubl edən futbolçu adına şərik çıxıb. Rodriges ilk iki dubluna ötən mövsüm səfər görüşlərində imza atıb. Onun iki qol vurduğu ilk komanda da "Keşlə" olub və komanda 3:1 hesabı ilə qalib gəlib. Bu matçdan 6 gün sonra – mayın 11-də "Sabah"la rəqib meydanındakı qarşılaşmada da iki top vuran forvard 3:0 hesablı qələbədə rol oynayıb.

Cari mövsümdə və ev oyunlarında ilk dublunu gerçəkləşdirən Xulio ümumilikdə 3-cü dəfə buna nail olmaqla salvadorlu hücumçu Nelson Bonilyanın rekordunu təkrarlayıb. Paraqvaylının dublları eyni ilə, lakin fərqli mövsümlərə təsadüf edibsə, sabiq oyunçu eyni mövsüm, amma fərqli illərdə bunu gerçəkləşdirib. O, 2015/16 mövsümündə "Kəpəz" və "Rəvan"a ev, "Qəbələ"yə səfərdə 2 qol vurub. İlk görüş 2015, digərləri 2016-da baş tutub.

Qeyd edək ki, bu, "Zirə" futbolçularının Premyer Liqada 16-cı dublu olub. Hərəyə üç dəfə fərqlənən Bonilya və Rodrigesdən başqa daha bir oyunçu bir dəfədən artıq dubl müəllifidir. Bu, iki belə uğuru olan Təmkin Xəlilzadədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest