03 Dekabr 2019, 00:30
MPL
"Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadə evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur qarşılaşmasından sonra brifinq keçirib. Matc.az xəbər verir ki, 26 yaşlı cinah oyunçusu öncə matçı dəyərləndirib:
- Bu görüşə yeni baş məşqçinin rəhbərliyi altında hazırlaşmağa çox da vaxtımız olmadı. Jelko Sopiçlə 2-3 məşqimiz oldu. Matç isə gözlədiyimizdən də çox yaxşı alındı. Oyunçular çox əziyyət çəkdilər. Bu, özünü aydın göstərirdi. 90 dəqiqə "vuruşduq". Evdə oynayırdıq. Rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz 3 xal idi. Hesabda geri düşdükdən sonra isə bərabərlik qolunu vuraraq, bir xal qazanmaq istəyirdik. Amma rəqib də sıradan adi komanda deyildi, son illərin çempionuna qarşı oynayırdıq. Alınmadı, amma belə görünür ki, bu oyunla gələcəkdə daha yaxşı nəticələr göstərmək olar.
- Sizcə, qələbə üçün nə çatmadı?
- Məncə, hücumda çoxala bilmədik. Top itkiləri də az olsaydı, istədiyimiz hücumları qura bilərdik. Bir də matçın sonlarında penalti epizodumuz oldu. Həmin epizodu yaxından görmədim. Oyundan sonra baş hakim Əliyar Ağayevə yaxınlaşdım. Ondan epizodu dəqiqliklə görüb-görmədiyini soruşdum. O da "gördüm" cavabını verdi. İndi səbirsizliklə epizodun təkrarını gözləyirəm. Həqiqətən də penalti var idisə, məncə, haqqımızı yedilər. Penalti olsaydı, ən azı 1 xal qazana bilərdik. Epizoda baxmaq lazımdır.
- Yeni baş məşqçi komandaya hansı yeniliyi gətirib?
- Gəldiyi gündən bizə meydanda nə istədiyini izah etdi. Bildirdi ki, kompakt halda çıxış etməyimizi istəyir. Xətlər arasında boşluqlara yol verməyin əleyhinədir. Nə dərəcədə alınıb-alınmadığını yəqin ki, baş məşqçi analiz apardıqdan sonra deyəcək, səhvlərimizi göstərəcək. Şəxsi fikrim belədir ki, rəqibimizə qarşı pis müdafiə olunmadıq və pis "vuruşmadıq". Sadəcə, qolumuz çatışmadı.
- Mövsüm ərzində ilk dəfə meydana 8 yerli futbolçunun çıxmasının səbəbini nədə görürsünüz?
- Komandamız əsasən yerlilərdən təşkil olunub. Düzdür, legionerlərimiz də var, amma kimin oynayıb-oynamayacağına baş məşqçimiz qərar verir. Məncə, yerli futbolçular pis təsir bağışlamadılar. Komanda şəklində uşaqlar doğrudan da çox əziyyət çəkdilər.
- Heç iki gün keçmədən Azərbaycan Kubokunda "Ağsu" ilə 1/8 final oyununa çıxacaqsınız. Bu, sizə çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Amma bu, bizim işimizdir. Evə gedib 7-8 saat yatacağıq və sabah saat 14:00-da məşqimiz olacaq. Planımıza uyğun hərəkət edəcəyik.
- Hücum xəttinizdəki boşluqlar və qol vurmaqda çətinlik çəkməyiniz legioner hücumçuların aşağı səviyyəli olmaları ilə əlaqədar deyil?
- Deməzdim. Ulis və Amadu Diallo, eləcə də Hendrik Ekşteynin hərəyə 3 qolu var. Məncə, məhsuldarlıqları o qədər də pis deyil. Bu oyunda hücum xəttində Amadu ilə mən oynayırdım. Bu, mənim üçün yad mövqe deyil. Amma indiyədək çox vaxt müdafiədə çıxış etdiyimdən, qol epizodlarına girməkdə çətinlik çəkdim. Elə də aşkar qol epizodlarımız olmadı. Sonradan Ulis Diallo, Ekşteyn və Rocer Roxas oyuna girdi. Amma qol vurmağa vaxtımız və ya gücümüz çatmadı.