"Qəbələ" milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir. Matç.az klubun saytına istinadən xəbər verir ki, XI turun noyabrın 11-də keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan komanda dünən Qəbələdə bir araya gəlib.

"Qırmızı-qaralar" hazırlıqlarını milli komandaların düşərgələrində olan futbolçularsız gerçəkləşdirir. Bu gün keçirilən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda noyabrın 20-dək məşqlərini Qəbələ şəhər stadionunda reallaşdıracaq. Həmin gün Bakıya yola düşəcək komanda XII turun hazırlıqlarına da paytaxtda yekun vurulacaq.

Noyabrın 19-da isə "Qəbələ" yoxlama oyunu keçirəcək. "Qırmızı-qaralar" UEFA Gənclər Liqasında mübarizə aparan U-19 komandası ilə matçda qüvvəsini sınayacaq.

Xatırladaq ki, "Qəbələ" XII turun noyabrın 24-də keçiriləcək oyununda "Keşlə"nin qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest