Yığma komandamız Millətlər Liqasında qrup mərhələsinin son matçını bu gün Kosovoya qarşı keçirəcək. Matç.az saytının məlumatına görə, D Liqasının III qrupunun taleyini müəyyən edəcək qarşılaşmada millimizi yalnız qələbə qane edir.
Baş məşqçi Qurban Qurbanovun bugünkü görüşdə hansı "11-liy"ə şans verəcəyi böyük maraq doğurur. üç gün əvvəl Farer adaları ilə oyunda ideal heyət quran çalışdırıcını indi narahat edən məqamlar var.
İlk növbədə Kamran Ağayevin yoxluğunu qeyd etmək olar. Zədə ucbatından heyətdən kənarlaşdırılan kapitanı bu gün çərçivədə Səlahət Ağayev əvəz edəcək. Düzdü, Səlahət hazırda Kamrandan daha yaxşı formadadı. Ancaq geridən komandanı yönləndirmək, liderlik etmək baxımından kapitan əvəzsizdi. "Neftçi"nin qolkiperi isə son vaxtlar onu "1 nömrə"yə layiq görənləri bu gün ya haqlı, ya da haqsız çıxaracaq.
Müdafiə xətti ilə bağlı bəzi dəyişikliklər istisna deyil. Yalnız Bədavi Hüseynovun müdafiənin mərkəzində oynayacağı dəqiqdi. Onun yanında Maksim Medvedevin yer alması gözlənilir. Amma məşqçilər korpusu rəqibin "ikinci mərtəbə"dəki üstünlüyünə görə, Rahil Məmmədova şans verə bilər. Belə olarsa, Maksim sağ cinahdakı yerinə keçəcək, solda isə Pavel Paşayev çıxış edəcək. Təbii ki, sonuncunun zədə durumuna görə, Təmkin Xəlilzadə də ilk dəqiqələrdən meydana çıxa bilər.
Yarımmüdafiədə hansısa dəyişiklik gözlənilmir. Qara Qarayev dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirəcək. Onun yanında Riçard Almeyda oyunquruculuğunu icra edəcək. Dmitri Nazarov isə yenə pleymeyker kimi, hücumçuya yaxın oynayacaq. Yarımmüdafiənin cinahlarında yenə Araz Abdullayevlə Mahir Mədətov yer alacaq.
Hücumun sivri ucunda Rüfət Dadaşov çıxış edəcək. Bu gün Dadaşova böyük yük düşəcək. Rəqibin ucaboy müdafiəçilərini özünə çəkməli və komanda yoldaşlarına boş zonalar yaratmalıdı. üstəlik, Almaniyadakı legionerimiz müdafiəçiləri mümkün qədər çox yormalıdı ki, ikinci hissədə meydana çıxmaq ehtimalı yüksək olan daha sürətli Mirabdulla Abbasova nisbətən rahat olsun.
Qeyd edək ki, Kosovo – Azərbaycan görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.