Millətlər Liqasının əsas mərhələsi başa çatdıqdan sonra bütün Avropa qitə çempionatının seçmə mərhələsini gözləyir. Matç.az saytı xəbər verir ki, dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində 10 qrupun tərkibi müəyyənləşəcək.
2019-cu ildə baş tutacaq seçmə mərhələdə Azərbaycan millisinin hansı komandalarla qarşılaşacağına cəmi 10 gündən sonra aydınlıq gələcək.
Azərbaycan yığmasının Millətlər Liqasındakı uğursuz çıxışından sonra seçmə mərhələdə hər hansı möcüzə gözləməyə dəyməz. Amma istənilən halda Qurban Qurbanovun yetirmələri üçün ən ideal və ən arzuolunmaz qrupla bağlı fikirlər irəli sürmək olar. Təbii ki, burada fikirlər, rəqiblərə yanaşmanın müxtəlif olması da mümkündü.
Beş, yoxsa altı?
Seçmə mərhələnin 10 qrupundan beşində 5, beşində 6 komanda yer alacaq. Daha çox yığmanın olması 2 oyun artıq keçirmək deməkdi. Avrokuboklar, "ağır" çempionat və "uzun" kubok yolu keçən futbolçularımızın daim yorğunluqdan şikayətlənməsinə görə onlara 10 deyil, 8 matç keçirilməsi münasib görünür. Amma bu yanlışdı. Azərbaycan millisi üçün 6 komandalı qrupda yer almaq əlverişlidi. çünki 5-ci səbətdə yer alan yığmamız 5 komandalı qrupun sonuncusu kimi mübarizəyə başlayacaq. 6 komandalı qrupda isə "cırtdan"lardan biri olacaq ki, bu da bizlərə 6 xal ümidləri bəxş edir. Bir sözlə, Qurbanovun yetirmələri yorulsa belə 10 oyuna çıxmalıdı.
Arzuların qrupu
San-Marino. Əgər 6 komandalı qrup arzulayırıqsa, sonuncu səbətdən bir komandayla qarşılaşmaq imkanımız olacaq. Əslində, millimiz buradakı istənilən komandadan 6 xal almağa borcludu. Latviya, Lixtenşteyn və Malta gücümüzə görə rəqiblər olsa da, müxtəlif vaxtlarda bizi büdrətmələri ehtiyatlı danışmağa əsas verir. Bu üzdən Andorra və San-Marino daha münasib rəqibdi. ötən tsikldə 6 xal aldığımız sonuncular isə yığmamız üçün ən "asan yem"di.
Litva. 4-cü səbətdə əsasən eniş dövrünü yaşayan komandalar yer alıb. Amma millimiz üçün ən yaxşı variant Baltikyanı ölkə təmsilçiləri hesab olunmalıdı. Həm Litva, həm Estoniya millimizdən yüksək səbətdə qərarlaşsa da, müsbət nəticələr üçün əlverişlidi. Amma estoniyalılarla son dueldəki məğlubiyyət ehtiyatlı düşünməyə vadar edir. Bu üzdən Millətlər Liqasını 6 məğlubiyyətlə başa vuran Litva millimizə daha uyğundu.
Norveç. 3-cü səbətdə müxtəlif vaxtlarda büdrətdiyimiz komandalar az deyil. Lakin təsadüfi uğurlar bunun AVRO-2020-nin seçmə mərhələsində təkrarlanacağını gözləməyə əsas vermir. Burada bəzi komandalar yüksəliş, bəziləri eniş dövrünü yaşasa da, belə amillər yığmamıza ümid vermir. Son vaxtlar az qala başabaş oynadığımız Norveç digərləri ilə müqayisədə daha münasib görünür.
İslandiya. Yığmamızı 2-ci səbətdən gözləyən millilər kifayət qədər güclü kollektivlərdi. Lakin onlar arasında ikisi – Uels və İslandiya digərlərindən cüzi də olsa münasibliyi ilə fərqlənir. Bir müddət yüksək səviyyədə çıxış edən islandiyalıların böyük sürətlə geriləməsi isə millimizin lehinədi. Bu komandanı heç olmasa Bakıda büdrətmək mümkün görünür.
Polşa. Əgər yığmamız 6 komandalı qrupa düşməsini istəyiriksə, 1-ci səbətdən Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşadan birini arzulamalıyıq. çünki Millətlər Liqasında "Dördlər finalı"na yüksələnlər 5 komandalı qruplara başçılıq edəcək. Əslində, millimizin 1-ci səbət komandası ilə görüşdə sensasiya etməsinə ümid də demək olar yoxdu. Düzdü, burdakı komandalardan Xorvatiyadan xal almağımız çox keçmişdə olmayıb. Amma dünya ikincilərinin indiki durumu onlardan ehtiyatlanmağa əsas verir. Millimizə ağır məğlubiyyətlər yaşadan Polşa isə digərləri ilə müqayisədə enişdədi. "Panlar" heç olmasa 1 xala az da olsa ümid edə biləcəyimiz yeganə 1-ci səbət komandasıdı.
Beləliklə, millimizə ən münasib olan, arzuların qrupu Polşa, İslandiya, Norveç, Litva, Azərbaycan, San-Marinodan ibarət olmalıdı.
ölüm qrupu
Yunanıstan. Millimiz özünə sərf eləməyən 5 komandalı qrupa düşsə, gücünə görə bizə ən yaxın rəqiblər 4-cü səbətdə olacaq. Buradakı 10 yığmanın əksəriyyətindən xal, hətta xallar almaq mümkündü. Amma Rumıniya, Monteneqro və Yunanıstan digərləri ilə müqayisədə daha çətin rəqib təsiri bağışlayır. Xüsusilə də sonunculardan xal almaq heç də asan iş olmayacaq.
Serbiya. 3-cü səbətin tərkibinə baxsaq, Bakıda xal alınması mümkünsüz görünən rəqib yoxdu. Amma yığmamızın da hazırkı durumu ürəkaçan deyil. Buna görə də səbətin bəzi komandalarını əlverişli saymaq olmaz. Serbiya və Şotlandiyanı ən çətin rəqib hesab etmək olar. Sonuncuların oyun üslubu da bizimkilərə əlavə problemlər yaradacaq. Artıq neçə vaxtdı qeyri-sabit oynayan Balkan təmsilçisinə əvvəllər də uduzduğumuzu nəzərə alsaq, ən arzuolunmaz kimi Serbiyanı adlandıra bilərik.
Almaniya. 2-ci səbətdə kimin kim olduğunu araşdırmağa da ehtiyac yoxdu. Almaniyanın burada olması gözlənilməz və digər yığmalar üçün əlverişsizdi. Dəfələrlə komandamıza "divan tutan" Bundestimdən xal almaq barədə düşünmək belə qorxuludu.
Fransa. Beş komandalı qrupa düşməyimiz o deməkdi ki, güclülər səbətindəki Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiyadan biri ilə rəqib ola bilərik. Bu "dördlük"də ən qorxulu olmayan komanda yoxdu. Lakin Hollandiya daha amansız görünür. Amma ən arzuolunmaz rəqib "narıncılar" deyil. Digər 6 yığmadan biri də "beşli" qrupa düşəcək. Bunun son dünya çempionu Fransa olması da mümkündü. "Oser faciəsi"nin müəllifi olan "üçrənglilər"lə yəqin ki, nəinki Azərbaycan, heç digər ölkələrin milliləri də düşmək istəməz.
Bir sözlə, Fransa, Almaniya, Serbiya, Yunanıstan, Azərbaycanın bir "beşlik"də olması millimiz üçün "ölüm qrupu" anlamına gəlir.