"Bakıdakı matçda ideal futbol sərgilədi və əla formada olduğunu göstərdi. Onda ilk dəfə bu qədər özünəinam var idi".
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən oyun "Arsenal"ın yarımmüdafiəçisi Aleks İvobi üçün xüsusi olub. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, nigeriyalı futbolçu məhz bu qarşılaşmadakı çıxışı ilə ona olan münasibəti dəyişib.
İngiltərəli həmkarlarımız ilk vaxtlar əsas komandaya layiq bilmədikləri akademiyanın yetirməsini artıq Premyer Liqaya hazır sayırlar: "İvobi Bakıdakı matçda ideal futbol sərgilədi və əla formada olduğunu göstərdi. Onda ilk dəfə bu qədər özünəinam var idi. Həm sürəti, həm texnikası ilə rəqibə çətin anlar yaşatdı, eyni zamanda komanda yoldaşları üçün çox iş gördü. Təsadüfi deyil ki, Nigeriya yığmasının qarşıdakı rəsmi oyunlarına da dəvət alıb. "Qarabağ"la oyun İvobinin yoluna işıq saçdı. Bundan sonra azarkeşlər ondan Premyer Liqada da eyni performansı gözləyəcəklər. Artıq "Fulhem"lə görüşdə onun start heyətində yer alması təəccüblü olmaz".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" – "Arsenal" görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə nəticələnib.