AFFA İntizam Komitəsinin (İK) bugünkü iclasında Topaz Premyer Liqası ilə yanaşı, aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallar da müzakirə edilib. Matç.az saytı xəbər verir ki, komitə qarşılaşmalar zamanı təhqiramiz ifadələr işlədən şəxslərə sərt cəzalar tətbiq edib.
Gənclər Liqasının "Səbail" – "Qəbələ" görüşünün son dəqiqələrində hakimi təhqir edən "Səbail"in futbolçusu Xəyal Bədirov 4 oyunluq diskvalifikasiya olunub. Bakcell U-17 Liqasının "Qəbələ" – "Neftçi" matçının 90+6-ci dəqiqəsində isə birincilərin üzvü Veysəl Rzayev referini söydüyü üçün eyni cəzaya məruz qalıb.
Bakcell U-17 Liqasının "Mil-Muğan" – "Tufan" oyununda birincilərin oyunçusu Əlif Abdullayev, futzal üzrə Yüksək Liqanın "Yasamal" FK – "Yasamal" İSK qarşılaşmasında isə ikincilərin futzalçısı Ceyhun Nağıyev rəqibi təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılıb.
U-16 Liqasının "Turan Tovuz" – "Gəncə" TİM görüşündə də gəncəlilərin futbolçusu Rəşid Zeynalov təhqiredici ifadələrə yol verib. Bu səbəbdən o, komandasının növbəti 3 oyununu kənardan izləməli olacaq.