"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Döyüş zonasında olan əsgərlərimizə uğurlar arzu edirəm. Hər zaman onların yanındayıq. Bu gün komandama inanırdım, qələbə üçün meydana çıxmışdıq. Qol vuran komanda qalib gəldi. Rəqibə çox da imkan vermədik ki, hücum etsin. Futbol belədir, sən vura bilmirsənsə, rəqib vuracaq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Məncə, bu gün biz uduzmamalıyıq.
 
- Tədricən oyun keyfiyyəti azalmağa doğru gedir sanki...
- Bu fikrinizlə razı deyiləm. Komanda getdikcə daha yaxşı oyun göstərir. Oyun baxımından komandamız pis təsir bağışlamır, əksinə daha yaxşıyıq. Bu gün qapımızın ağzında demək olar ki, qol imkanı yaranmadı. Yaddaşda nəticə qalır. Mən də istəyərəm ki, pis oyun oynayaq, amma qələbə qazanaq.
 
- Sezar Meza Kolli nə zaman tam hazır olacaq? 
- Bu yaxınlarda komandaya qoşulub. O, topla davranışda daha yaxşıdır. Topu daha çox özümüzdə saxlamaq üçün meydana buraxdıq. Silvanın epizodunda da imkanı o yaratdı. Sezar formasını bərpa edəndən sonra daha yaxşı olacaq. O, formaya düşəndən sonra komandamız da istədiyimiz oyunu sərgiləcəyək. ümumilikdə, komandamın oyundan narazı deyiləm. Bu gün biz daha üstün idik. Əlimizə düşən imkanlardan istifadə edə bilsək, qələbə qazana bilərdik.
 
- Hakimliyi faciəvi saymaq olar?
- Hakimlik barədə danışmaq istəmirəm. ötən turda da "Səbail"lə oyunda 100 faizlik penaltini verməmişdilər. Bu, mənim komandamdır. Gələcəkdə də yaxşı yerləri tutacağıq. Komandama inanıram, bilirəm ki, çempionluq potensialımız var. Hər məşqçi komandasını çempionluğa kökləməlidir. Futbolçular hər oyuna motivasiya ilə çıxır. Bu gün alınmadı, qol vura bilmədik. Amma niyə vura bilmirik? ötən tur da 2 xal itirdik, 15 qol imkanımız olmuşdu. Bizim bu gün də imkanlarımız rəqibdən çox oldu. Səhv deyirəmsə, deyin səhv deyirsiz.
 
- Tək hücumçunuz Silviodur. Belə necə çempionluq üçün oynaya biləcəksiz? 
- Razılaşa bilsək, bəlkə bir hücumçu gətirəcəyik. Ancaq indi heç bir futbolçuyla danışıqlar yoxdur.
 
- Qol vura bilməməyinizin bir çarəsi var?
- Mən 12-15 yaşlı uşaqlarla işləsəm, bunun "iynə-dərman"ını deyərdim. Deyərdim ki, sağla vur, solla vur. Amma indi futbolçularım peşəkardır. Onlar necə vurmaq lazım olduqlarını bilməlidir.
 
- 15 il geri qayıtsaq, o vaxtla indini müqayisə etsək, geri getmişik, yoxsa irəli?
- Hər çempionatın özünün yeri var. ötən il başqa idi, indi başqa. İndi mübarizə baxımdan daha çətinləşib. Yəni, meydana çıxıb rəqibləri asam udmaq olmur. 15 il əvvəl daha rahat idi, amma indi bu, çətin məsələdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest