"Neftçi"nin yeni transferi Mamadu Mbodj klubun rəsmi saytına müsahibə verib. Matç.az saytı xəbər verir ki, bir neçə gün əvvəl 2,5 illik müqaviləyə imza atmış 25 yaşlı seneqallı mərkəz müdafiəçisi öz oyunu ilə azarkeşlərin rəğbətini qazanacağına inandığını bildirib.
- Yeni klubda özünüzü necə hiss edirsiz?
- Hər şey yaxşıdır. Görürəm ki, səviyyəli komandamız var. Bəzi oyunlara baxıb, sözün yaxşı mənasında təəccüblənmişəm. Düzdür, güclü bir komandaya gəldiyimi bilirdim, amma yenə də yaxşı mənada heyrətləndim.
- Hava şəraitinə uyğunlaşa bilirsiz?
- Bəli, artıq uyğunlaşmışam. Onsuz da Litvada daha da soyuqdur. Buranın havasını daha çox bəyəndim.
- Bəs komanda yoldaşlarınıza necə, adaptasiya ola bilirsiz?
- çox yaxşı komandamız var. Bura gələnədək heç kimi tanımırdım. Yalnız bir-iki dəfə Soni Mustivarla telefon vasitəsilə əlaqə saxlamışdım. O, "Neftçi" haqda çox yüksək fikirlər söyləmişdi. Sonini dinləyəndən sonra anladım ki, mütləq özümü bu komandada sınamalıyam.
- "Neftçi" hazırda ölkə çempionatında birinci yeri tutur...
- Bilirəm ki, qarşıya çempion olmaq məqsədi qoyulub. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Azarkeşlər haqda nə deyə bilərsiz?
- "Neftçi"nin güclü azarkeş ordusuna malik olduğunu bilirəm. Baxdığım qarşılaşmalarda da bunun şahidi olmuşam. İnanıram ki, öz oyunumla onların rəğbətini qazana biləcəm.