07 Noyabr 2020, 18:38
MPL
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:
"Oyunun çətinliyini bilirdik. Rəqib 4 oyundur ki, məğlub olmurdu. "Səbail"i analiz edəndə görmək olur ki, müdafiə planında komanda şəklində ən yaxşı çıxış edənlərdən biridir. Aftandil müəllimi təbrik edirəm. Bu gün məğlub olmaq istəmirdik. Milli komandanın oyunları ilə əlaqədar fasilə yaranacaq, bizim də çətinliklərimiz var".
39 yaşlı mütəxəssis bildirib ki, zədəli oyunçular mövcuddur: "Koronavirus pandemiyası ilə bağlı itkilərimiz var. Turnirin əvvəlində bizə bir az təzyiq oldu. Futbolçuları hər oyun yuxarı səviyyədə saxlamaq məsuliyyətdir. Yığmanın görüşlərindən sonra çempionatda vacib oyunlar olacaq. Əlimizdə olan oyunçularla dövrəni yekunlaşdıracağıq. Biz də istəyərdik ki, geniş heyətimiz olsun. Bəzi mövqelərdə demək olar ki, futbolçularımız yoxdur. Amma bu gün futbolçulara təşəkkür edirəm ki, sonadək oyundan qopmadılar. Axıra qədər oynadıq. Qol epizodları oldu, amma yararlana bilmədik. Qarşımıza məqsəd qoymuşuq, buna da davam edəcəyik. Əlbəttə nəticə də istəyirik. Əsas öz oyunumuzu mükəmməl oynamaqdır, bunun üçün də vaxt lazımdır. Heyətdə gənc oyunçular var".
Abbasov futbolçu Səbuhi Abdullazadənin koronavirusa yoluxduğunu söyləyib: "Bunu gizlətməyə ehtiyac yoxdur. O, U-21 millimizin üzvüdür. Virus bir neçə komandada var".