Füzili Məmmədovu baş məşqçi postundan kənarlaşdıran "Neftçi" rəhbərliyi boş qalan bu vəzifəyə yenə yerli mütəxəssis gətirəcək. Matc.az saytının əldə etdiyi xəbərə görə, klub rəhbəri Kamran Quliyev komandanın "sükanı arxası"na vaxtlə "Sumqayıt"da birgə çalışdığı Samir Abasovu gətirməkdə israrlıdır.
Maraqlıdır ki, Kamran Quliyevlə Samir Abasovun münasibətləri heç də yaxşı deyil. Abasov bir müddət əvvəl mediaya açıqlamasında Quliyevi "Sumqayıt"ı atıb "Neftçi"yə keçməsinə görə ittiham etməkdən çəkinməmişdi. Elə Quliyev də müsahibələrində Samir bəyin ittihamlarını cavabsız qoymamışdı. Belə ki, "Neftçi"yə rəhbər təyin olunan vaxt həmkarlarımızın Quliyevə ünvanladığı "Samir Abasovun "Neftçi"də çalışmaq şansı varmı" suala belə cavab vermişdi: "Bu klubda "Neftçi"yə layiq insanlar işləyəcəklər". Bundan sonra italyan Roberto Bordinə, ardınca uğursuz Füzili Məmmədovu baş məşqçi postuna gətirən "Neftçi"nin durumu isə göz qabağındadır.
Hansısa təzyiqlər olmasa, böyük ehtimalla "ağ-qaralar" Abasova həvalə ediləcək. Belə olan təqdirdə, onların birgə necə çalışacağı maraq doğurur.