"Hər dəfə bura gələndə müsbət dəyişikliklərin şahidi oluram. Bakıda hər şey yaxşılığa doğru dəyişir"

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında 189 komandanın mübarizə aparması gənc futbolçular üçün unudulmaz təcrübədir. Matc.az xəbər verir ki, bunu "Report"a açıqlamasında FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina deyib.
 
O, turnirin təşkilatçılığını və yaradılan şəraiti yüksək qiymətləndirib:
 
"Dünyanın hər yerindən gələn gənc futbolçuların burada bir araya gəlməsi və təcrübə qazanması möhtəşəmdir. Onların bir çoxu ilk dəfədir xaricə səfər edir. Bəziləri üçün bu, həyatlarının ən unudulmaz təcrübəsi olacaq. Üç ay əvvəl bu ərazidə heç nə yox idi, indi isə belə müasir idman kompleksi fəaliyyət göstərir".
 
P.Kollina yarışda ədaləti qoruyan azərbaycanlı hakimlərin əməyini də xüsusi vurğulayıb:
 
"Onların əməyi olmasaydı, bu yarış baş tutmazdı. Hakimlər böyük məsuliyyətlə çalışır, gündə iki-üç matç idarə edirlər. Göstərdikləri dəstəyə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və yerli hakimlərə təşəkkür edirəm".
 
İtaliyalı sabiq FIFA referisi Bakıya dəfələrlə səfər etdiyini diqqətə çatdırıb:
 
"Hər dəfə bura gələndə müsbət dəyişikliklərin şahidi oluram. Bakıda hər şey yaxşılığa doğru dəyişir".
 
Xatırladaq ki, mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
 
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest