28 Oktyabr 2026, 16:50
FUTBOL
U-13 Liqasında “İmişli” – “Sabirabad” oyunu qonaq komandanın təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə “Sabirabad”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA İntizam Komitəsi aşağı yaş qrupları və qadınlar arasında keçirilən liqalarda 10 komandaya texniki məğlubiyyət verib. Matc.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
U-13 Liqasında “İmişli” – “Sabirabad” oyunu qonaq komandanın təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə “Sabirabad”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasında “Məhsul” – “Şıxlı” matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu aşkar edilib. Bu səbəbdən “Şıxlı” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Həmin liqada “Hünər” – “Ağstafa Gəncləri” və “Ramal” – “Ağdam” görüşləri komandaların heyətində yetərsay olmadığı, “Şirvan” – “Sabirabad” matçı isə qonaqların meydanda olmadığı üçün keçirilməyib. Bu oyunlarda müvafiq olaraq “Ağstafa Gəncləri”, “Ramal” və “Sabirabad” komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasında “Biləsuvar Bələdiyyəsi” – “Biləsuvar”, “Pambıqçı” – “Tərtər” və “Şamaxı” – “Çərəki” görüşləri heyətlərdə yetərsay olmadığı üçün baş tutmayıb. Nəticədə “Biləsuvar”, “Pambıqçı” və “Çərəki” komandaları 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər.
U-10 Liqasında SUHB – “Dinamo Caspian” oyunu meydan sahiblərinin təyin olunan vaxtda gəlməməsi səbəbindən keçirilməyib. SUHB komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Qızlar Liqasında isə “Lider” – “Kür” matçı meydan sahiblərinin vaxtında gəlməməsi səbəbindən baş tutmayıb. Bu səbəbdən “Lider” komandası da 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.













