"Mackolik" statistikasına əsasən, onun "Ankaragücü"dəki fəaliyyəti ziddiyyətlidi: 2022/23 mövsümündə keçirdiyi 33 oyunda cəmi 12 qələbə, 2019/20 mövsümündə isə 21 oyunda 10 qələbə qazana bilib.
"Gəncə" basketbol klubunun türkiyəli mütəxəssis Murad Dikmeni baş məşqçi postuna gətirməsi ilk baxışdan adi bir xəbər kimi görünə bilər. Lakin qərarın pərdəarxasına və klub idarəçiliyindəki mövcud mənzərəyə nəzər saldıqda, ortaya cavabsız və ciddi suallar çıxır. Klub rəhbərliyi türkiyəli məşqçinin "təcrübəsi"ni qabartmağa çalışsa da, bu təyinatın hansı meyarlara və məntiqə dayandığı tamamilə qaranlıq qalır.
Gümüş medallar yüksək hədəflər üçün kifayətdirmi?
Murad Dikmenin Azərbaycan basketbolundakı ən böyük "uğuru" "Xəzri" (indiki "Naxçıvan") ilə həm ölkə çempionatında, həm də ölkə kubokunda qazandığı gümüş medallardır. Yəni onun aktivində nə çempionluq titulu, nə də kubok qələbəsi var. İndi haqlı bir sual doğur: iddialı və yüksək hədəflər iddia edən "Gəncə" üçün komandanı zirvəyə daşımağı bacaran bir mütəxəssis lazımdı, yoxsa sadəcə zirvənin yanından keçənlər?
Türkiyə təcrübəsi də Dikmenin sabit nəticələr vermədiyini göstərir. "Mackolik" statistikasına əsasən, onun "Ankaragücü"dəki fəaliyyəti ziddiyyətlidi: 2022/23 mövsümündə keçirdiyi 33 oyunda cəmi 12 qələbə, 2019/20 mövsümündə isə 21 oyunda 10 qələbə qazana bilib. Müəyyən uğurlu mövsümləri olsa da, sabit nəticədən söz açmaq mümkün deyil. Bura məşqçinin son illərdə tez-tez klub dəyişməsini - Bakı, İndoneziya, Küveyt və indi də Gəncə marşrutunu - əlavə etsək, uzunmüddətli layihə perspektivləri daha da dumanlı görünür.
Elnur Cəfərovun idarəçilik təcrübəsizliyi
Əslində, məşqçi seçimindəki bu qeyri-müəyyənlik təəccüblü deyil. Çünki klubun da, şəxsi müstəvidə direktor Elnur Cəfərovun da işləri son zamanlar heç də qaydasında getmir. Cəfərovun idarəçiliyi təcrübəsizliyi artıq klubun beynəlxalq nüfuzuna ağır zərbə vurub.
Bunun ən bariz sübutu oktyabrın 21-də Bolqarıstanın Samokov şəhərində "Rilski Sportist"ə qarşı keçirilməli olan oyundur. Komanda bu qarşılaşmaya ümumiyyətlə getmədi və rəhbərlik biabırçı sükut saxlayaraq ictimaiyyətə heç bir rəsmi açıqlama vermədi. Daxil olan məlumatlara görə, səbəb sadə və bir o qədər də rüsvayçıdır: Elnur Cəfərov və onun idarə heyəti komandaya vaxtında viza ala bilməyib!
Adi viza prosedurlarını belə həll edə bilməyən, elementar təşkilati işlərdə acizlik nümayiş etdirən təcrübəsiz bir direktorun Murad Dikmen kimi sabitliyi olmayan məşqçinin qarşısına hansı peşəkar tələbləri və konkret hədəfləri qoyduğu böyük sual doğurur.
Sözsüz ki, bu tənqidlər Dikmenin şəxsi peşəkarlığına kölgə salmaq məqsədi daşımır. Burada əsas məsuliyyət hesabat verməkdən qaçan, qərarların meyarlarını, müqavilə müddətini və mövsüm hədəflərini ictimaiyyətdən gizlədən təcrübəsiz rəhbərliyin üzərinə düşür. Elnur Cəfərovun idarəçiliyində olan bir klubun bu cür qeyri-müəyyən addımlarla hansı uğura imza atacağı isə böyük şübhə altındadı.













