21 Yanvar 2021, 20:35
MPL
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Hamımız futbol üçün darıxmışdıq. Koronavirus pandemiyasına görə narahatlıq var idi ki, birdən çempionat dayanar. İnşallah, bu xəstəlik tez bitər və azarkeşlərimiz stadiona qayıdar. Vacib oyuna çıxmışdıq. İstirahətdən qayıdılıb deyə, istədiyin oyunu meydanda görə bilmirsən və buna görə nəticə qazanmaq vacib olur. Rəqib bu gün fərqli sistemlə oynadı. Nə qədər çətin olsa da, futbolçularım işlərinin öhdəsindən gəldilər. Vaxt getdikcə daha yaxşı olacağıq.
- 2021/22 mövsümündə 2,3,4-cü yeri tutan komandalar Konfrans Liqasında olacaq. Bu ilki çempionluğun daha vacib olduğunu düşünmürsüz?
- Bu turniri gözləmək lazımdır. Yəqin ki, fərqli özəllikləri olacaq. Qarşımıza çempionluq hədəfi qoymuşuq. Ola bilər ki, büdcələri zəif olan komandalara bu turnir təsir edə bilər. Ancaq hələ məbləğ bəlli deyil. Gözləyək, görək nə olacaq. çempionlar Liqası fərqlidir, hamımız ora fərqli yanaşırıq. çalışırıq ki, yuxarı pilləni tutaq. Sona qədər mübarizə aparacağıq, qismətdirsə, çempionluq bizim olacaq.
- Transferlərlə bağlı məsələ nə yerdədir?
- İnanın ki, çox çətindir. Yaydan bu yana transfer barəsində passiv görünə bilərik, futbolçu tapmaq, onu razı salmaq çox çətindir. Bu gün heyətdə zədəli futbolçular var. öz çempionatımızda da bizə oyunçu lazımdır. İstəyirik ki, uyğun bir transfer edək. Ola bilər indi alınmasın, yayda müqavilə bağlansın. Pandemiyadan sonra transfer etmək çətin oldu. Futbolçular da karyeralarını yaxşılaşdıra biləcəyi yerlərə getmək istəyir.
- Toplanışdan istədiyinizi əldə edə bildinizmi?
- Deməzdim ki, toplanış pis keçdi. Vaxtımız az idi, ölkədən kənarda olsaydıq, yenə də maksimum 2 yoxlama oyunu olacaqdı. "Zirə" ilə oyunda da fərqli dəqiqələr oldu. Başqa çıxış yolumuz yox idi. İlboyu da komanda çox yüklənmişdi. ümumi olaraq, hazırlıqdan razı qaldım. özobiç çox yaxşı formada idi, ancaq son məşqdə zədələndi.
- Nurlan İbrahimov məcburən klubdan ayrıldı. Sizin fikriniz necədir onunla bağlı?
- Onun haqda danışmaq ağırdır. Heyfslənirəm ki, belə sərt qərar verildi. Klub olaraq Nurlandan çox məmnun idik. Hər zaman onunla isti münasibətlərimiz var idi. Getməsinə üzüldük, ancaq başqa yolu yox idi. Nurlan hər zaman bizim qəlbimizdədir. O, hər zamankı kimi bizim ürəyimizdə qalacaq.
- Bu sərt qərarda bizim UEFA-da olan nüfuzumuz necə rol oynadı?
- Bu haqda az danışmalıyıq. Bəzi qərarlar var ki, biz onları qınaya bilmərik. Bu qərarlarla bağlı əvvəlcədən xəbərdarlıq edilir. Biz hamıyla mübarizə apara, qərarlara etiraz edə bilərik. Bu, bizim həm vaxtımızı alar, həm də nüfuzumuzu aşağı salar. Ciddi qərarlar olmayanda başqa ölkələrin, başqa insanların əlinə şans vermiş olarıq. Biz "İnter"lə oyunda nə qədər vaxt itirdik, mübahisələr oldu. Ancaq qərar verilmişdi. Elə qərarlar var ki, sadəcə, səhv etmək lazım deyil. Cəzalanmışıqsa, bunu qəbul edib, ağıllı hərəkət etməliyik. Hər zaman çalışırıq ki, biz öz mədəniyyətimizi qoruyaq. Bəzi qərarlar olub ki, ölkə olaraq bizə çox da inamlı baxmayıblar. Əfsuslar olsun. Nurlanı biz çox istəyirik, bəlkə bundan sonra daha nüfuzlu yerdə olacaq.
- Bu gün oğlunuz Musa Qurbanlı qol vurdu. Heyətinizdə zədəli futbolçular var. Onu icarəyə verdiyinizə peşman olmadız?
- Bir qərar verdikdən sonra peşman olmuram. Hər zaman seçimlərin düzgün olduğunu düşünürəm. Musanın getməsini Rəşad Sadıqov çox istədi. Bizim göndərmək fikrimiz yox idi.
- Donald Gerye və Mahir Emreliyə təkliflər olduğu deyilir. Bu haqda nə deyə bilərsiz?
- Geryeylə bağlı təklif yoxdur. Lakin Mahirlə bağlı Polşa klubu təklif göndərib. Başqa bir neçə klub da Mahirlə maraqlanır. Lakin hələ ciddi bir dəyişiklik gözlənilmir. Gerye də deyəsən, İstanbuldadır hələ.