Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Arsenal"da qapıçı Petr çexin durumuna aydınlıq gəlib. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, çexiyalı qolkiper ən geci 3 həftə sonra baş məşqçi Unay Emerinin ixtiyarında olacaq.
Zədə ucbatından "Qarabağ"la matçı buraxacaq çex Premyer Liqada cəmi 1 görüşdə kollektivə kömək edə bilməyəcək. Belə ki, oktyabrın 7-də "Fulhem"lə matçda da onu Bernd Leno əvəz edəcək. Həkimlər çexin "Lester"lə oktyabrın 22-də baş tutacaq çempionat oyununa tam hazır olacağını vurğulayıblar. 36 yaşlı qolkiper Avropa Liqasının III turunda "Sportinq"lə səfər (25 oktyabr) görüşündə çərçivədəki yerini ala biləcək.
Qeyd edək ki, "Qarabağ" – "Arsenal" oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək.