ötən mövsüm I divizionda 5-ci yeri tutan "Sabah" yayda gözlənilmədən Premyer Liqaya cəlb edildi. Bununla I diviziondakı mübarizənin heç bir önəm kəsb etmədiyi növbəti dəfə təsdiqləndi.

Debütant elitaya yüksələr-yüksəlməz heyətini başdan-ayağa yeniləmək qərarına gəldi. İlk olaraq baş məşqçi Arif Əsədovla yollarını ayıran bakılılar bu posta Elşad Əhmədovu gətirdi. Az sonra 21 oyunçusunun hamısı ilə yollarını ayıran rəhbərlik Premyer Liqa səviyyəsinə uyğun heyət qurmağa başladı.

7 əcnəbi transfer olundu ki, onlardan 3-ü xüsusi diqqət çəkdi. "Neftçi"dəki oyunu ilə azarkeşlər tərəfindən sevilən Saşa Stamenkoviçlə Erik Ramos debütant üçün Azərbaycana qayıtdı. Yeni gələnlərdən Marko Deviçi bütün transferlərdən fərqləndirmək lazımdı. Donetsk "Şaxtyor"u, "Rubin" kimi klublarda oynamış, Ukrayna millisində 35 matçda iştirak etmiş Deviçin yaşı ötməsinə baxmayaraq, gəlişi gözlənilməz oldu. Bundan başqa, "Slovan"dan keçdiyi "Keşlə"də 2 oyun keçirən Miloş Boşançiç çox keçmədən "Sabah"a üz tutdu.

Həmçinin Elşad Əhmədovun istəyi ilə daha 18 yerli oyunçu heyətə cəlb olundu. Onlardan 7-si baş məşqçinin I divizionun qalibi "Xəzər"dən yaxşı tanıdığı futbolçular idi. Əksəriyyət elita klublarında əsas heyətə düşə bilməyən oyunçular idi. Aralarında Cavid İmamverdiyev adının olması təəccüblə qarşılandı. "Sumqayıt"da əla mövsüm keçirən millimizin üzvü "Qarabağ"ın da maraq dairəsində olmasına baxmayaraq, debütantla 3 illik müqavilə imzaladı.

Əhmədov mövsümün ilk yarısında çempionat matçlarında 21 oyunçunun xidmətindən yararlandı. Əslində komanda sezona sürpriz şəkildə əla başlanğıc etdi. Hətta ilk 4 turdan sonra "Sabah" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşmışdı. Xüsusən də, 35 yaşlı Deviç qolları ilə komandanı çiyinlərində daşıyırdı.

Ancaq bu uğurlu çıxış 9-cu tura qədər davam etdi. "Sabah" turnir cədvəlinin ikinci yarısındakı komandalardan o qədər uzaqlaşmışdı ki, 9-cu turdan sonrakı uğursuz çıxış da onun mövqeyinə təsir etmədi. Son 5 turun 4-də meydanı məğlub tərk edən Elşad Əhmədovun yetirmələri yalnız çempion "Qarabağ"dan 1 xal almağa müvəffəq oldu. İkinci dövrədəki uğursuz nəticələrə baxmayaraq, "Sabah" qış fasiləsində 4-cü pillədə yollanmağı bacardı.

Futbolçuların çıxışına nəzər yetirdikdə, Əhmədovun ən çox güvəndiyi oyunçuların Saşa Stamenkoviç və Filip İvanoviçin olduğunu görərik. Həmçinin kapitan Cavid İmamverdiyev, Erik Ramos və Eltun Turabov yalnız 1 görüşdə iştirak edə bilmədi.

Komandanın enişə keçməsində Deviçin zədə ucbatından uzun müddət komandadan ayrı qalması da böyük rol oynadı. Təsadüfi deyil ki, "Sabah" Premyer Liqanın ən dişsiz iki klubundan biridi. Komandanın çempionatdakı 12 qolundan yarısı məhz Deviçin aktivindədi. Serbiya əsilli forvardın zədələnməsini nəzər almasaq, ilk yarıda Əhmədovun ən az güvəndiyi əcnəbi Miloş Boşançiç oldu. ümumiyyətlə, baş məşqçi 17 futbolçuya ən azı 8 görüşdə iştirak imkanı yaratdı.

çempionatın, əksər komandaların səviyyəsinin aşağı olmasına baxmayaraq, debütant üçün 14 turdan sonra 4-cü sırada yer almaq heç də pis nəticə sayılmamalıdı. Nəzərə alaq ki, komanda medalçılar sırasına düşsə belə, avrokuboklara yollana bilməyəcək. Bunun fonunda oyunçuların yüksək motivasiyada meydana çıxmaları özü böyük işdi. Ancaq rəhbərlik qış fasiləsində mütləq hücumçu transferinə diqqəti artırmalıdı. çünki komandanın ən böyük problemi qol yükünün yalnız veteran Deviçin çiyinlərində olmasıdı. Bu problem yoluna qoyularsa, "Sabah" belə çempionatda mövsümü hətta ilk "üçlük"də də bitirə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest