22 Fevral 2021, 13:18
MPL
Yanvarın ortalarında məşq zamanı zədələnmiş xorvatiyalı yarımmüdafiəçi hələ tam hazır olmadığını bildirib
"Futbol üçün darıxmışdım. Səbirsizliklə meydana qayıdacağım anı gözləyir, zədəmi tezliklə sağaldaraq, yenidən oynamaq istəyirdim. Meydana özümü çox yaxşı hiss etdim. Heç bir problem olmadı".
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Filip Ozobiç təxminən 1 aylıq fasilədən sonra yenidən yaşıl meydanlara dönüşü barədə danışarkən deyib.
Yanvarın ortalarında məşq zamanı zədələnmiş xorvatiyalı yarımmüdafiəçi hələ tam hazır olmadığını bildirib: "Zədə əzələ ilə bağlı idi. Müalicə prosesi belə olmalı, bir qədər gözləmək lazım idi. Ona görə belə alındı. Təbii ki, 100 faiz hazır, arzuladığım formada deyiləm. Konkret vaxt deyə bilmərəm. Amma əvvəlki formamı mümkün qədər tez bərpa etməyə çalışacağam".
"Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI turunun oyununa da toxunan 30 yaşlı futbolçu kifayət qədər inamlı təsir bağışladıqlarını, sadəcə qol vura bilmədiklərini söyləyib: "çox yaxşı oynadıq. Görüş ərzində meydana tam nəzarət öz əlimizdə idi. Saysız-hesabsız qol epizodları yaratsaq da, qələbə qazanmaq alınmadı. Bunu bəxtsizliklə əlaqələndirərdim. Həmin gün şans öz tərəfimizdə deyildi".
"Qarabağ"ın son 2 turda qələbə qazana bilməməsinin səbəblərindən də söz açan təcrübəli oyunçu bunun uğursuzluq kimi qələmə verilməsi ilə razılaşmadığını vurğulayıb: "Komandada eniş olduğunu düşünmürəm. ümumiyyətlə, bu fikirlərlə razılaşmıram. Futbolda belə hallar olur. ümid edirəm ki, növbəti matçlarda da bu cür baxımlı oyun nümayiş etdirəcək və qələbə qazanacağıq".
Hesabat turunda evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən lider "Neftçi" "Qarabağ"la xal fərqini 3-ə çıxarıb. Ozobiç bu amilin futbolçulara psixoloji təsir göstərmədiyini bildirib: "Düzdür, əsas rəqibimiz qələbə qazandı. Amma hələ 12 tur var. Bu matçlarda xal itkiləri olacaq. Onu deyə bilərəm ki, bizi qarşıda maraqlı mübarizə gözləyir".
Qeyd edək ki, "Qarabağ" hazırda 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Sonda onu da bildirək ki, Ozobiç "Sumqayıt"la səfər oyunundan sonra insidentlə üzləşib. Xorvatiyalı yarımmüdafiəçi şəxsi avtomobili ilə matçın keçirildiyi "Kapital Bank Arena"nın ərazisini tərk edərkən yol hərəkəti qaydalarını pozub. Nəticədə Yol Patrul Xidmətinin əməkdaşları 30 yaşlı oyunçunun maşınını saxlayıblar. Avtomobildən enən Ozobiç əl işarəsi ilə kürəyini göstərərək, "Qarabağ"ın futbolçusu olduğunu izah etməyə çalışıb. Futbolçunun cərimələnib-cərimələnmədiyini öyrənmək mümkün olmayıb. O, açıqlamasında məsələyə şərh vermək istəmədiyini bildirib.