Milli komandaların 2019-cu ildəki ilk FİFA reytinqi fevralın 7-də açıqlanacaq. Matç.az saytı xəbər verir ki, artıq indidən həmin cədvəlin hansı şəkildə olacağı ilə bağlı ehtimallar bəllidi.

Bu qənaətə gələn ay baş tutacaq oyunların təxmini nəticələrinə əsasən gəlmək mümkündü. Lakin əsasən Asiya yığmalarının iştirakı ilə keçiriləcək qarşılaşmalarda sensasiyaların qeydə alınması bu ehtimalları da alt-üst edə bilər. Gözlənən nəticələr isə cədvəldə cüzi dəyişikliklər vəd edir.

Təxmini siyahıda yalnız bəzi komandaların xal hesabı dəyişib. Amma həmin komandaların mövqe dəyişikliyi digər yığmalara da təsir edir.

Məhz bu səbəbdən heç bir matça çıxmayacaq Azərbaycan milisini də irəliləyiş gözləyir. Xal hesabı 1206-da qalacaq yığmamız ili dünyanın 107-ci komandası kimi başa vursa da, 2019-un ilk cədvəlində 106-cı olacaq.

Bu cüzi irəliləyişin səbəbi isə Hindistandı. 12 pillə geriləyəcək asiyalılar həm millimiz, həm də bir sıra komandalardan geri düşəcək.

Millimiz və "qonşuları"

101 (103). Haiti – 1219
102 (104). Liviya – 1217
103 (99). Fələstin – 1211
104 (105). Keniya – 1210
105 (106). Madaqaskar – 1209
106 (107). Azərbaycan – 1206
107 (108). Niger – 1205
108 (111). Namibiya – 1191
109 (97). Hindistan – 1187
110 (113). Bəhreyn - 1186

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinin də xalları dəyişməz qalacaq. Lakin onlardan yalnız Xorvatiya mövqeyini qoruyacaq. İranın 13 addımlıq sıçrayışı Uelsi 1 pillə geri salacaq. Slovakiya isə həm İran, həm də Cənubi Koreyanı önə buraxdığından 2 pillə geriləyəcək. Sonuncular həm də Macarıstanı bir addım geri atacaq.

Millimizin rəqibləri

4 (4). Xorvatiya – 1634
20 (19). Uels - 1525
29 (27). Slovakiya - 1483
52 (51). Macarıstan - 1412

Dünyanın ən güclü 10 komandasının siyahısında tam sabitlik hökm sürəcək. Planetin nəhəngləri həm xal hesablarını, həm də mövqelərini qoruyacaq.

İlk "onluq"

1 (1). Belçika – 1727
2 (2). Fransa – 1726
3 (3). Braziliya – 1676
4 (4). Xorvatiya – 1634
5 (5). İngiltərə - 1631
6 (6). Portuqaliya – 1614
7 (7). Uruqvay – 1609
8 (8). İsveçrə - 1599
9 (9). İspaniya – 1591
10 (10). Danimarka – 1589

Qeyd edək ki, qonşu Türkiyə millisi 1443 xalla siyahıda 42-ci yerə enəcək. "Ay-ulduzlular" üç addım geriləyəcək. Bu, Avstraliya, Yaponiya və Cənubi Koreyanın irəliləyişi ilə bağlıdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest