“Keşlə”nin baş məşqçisi Sənan Qurbanovun matc.az saytına müsahibəsi

- Söhbətə Premyer Liqanın XXI turunda “Qarabağ”la keçirilən oyun barədə fikirlərinizlə başlayaq. Qələbə hesabını son anda əldən verməyinizin səbəbi nə idi?
- Həftəboyu matça ciddi hazırlaşdıq. Rəqibin gücünü futbolçular da hiss edirdilər. Bu komandanın videotəhlillərini aparırdıq. Rəqibə uyğun seçdiyimiz taktika uğurlu alındı, uşaqlar bunu layiqincə yerinə yetirdilər. Hər nə qədər rəqib “Qarabağ” olsa belə, son dəqiqələrdə buraxılan qələbə qolu adama pis təsir edir. Qələbə qazana bilərdik. Amma “Qarabağ”dan 1 xal almağı da yaxşı nəticə saymaq olar.

- Oyundan əvvəl deyilsəydi ki, “Qarabağ”dan 1 xal alacaqsız, razılaşardız?
- “Qarabağ” böyük klubdu, güclü futbolçulardan qurulan heyəti var. Bunları başa düşürük. Təhlil zamanı onların nə dərəcədə keyfiyyətli heyətə malik olduğunu bir daha gördük. Heç kim uduzmaq istəməz. Əlinə düşən şansdan yararlanmaq istəyərsən. Bu mənada heç-heçəni bizim üçün pis nəticə hesab etmirəm.

- Penaltidən vurulan qolla qələbəni əldən verdiz. Həmin epizodla bağlı çox müzakirə aparıldı. Sizcə, orada penalti var idi?
- Epizoda çox baxdıq. Vəziyyət 50/50-yə idi. Son dəqiqələr idi, penaltini verməmək də olardı. Filip Ozobiç ayağını ustalıqla ilişdirib yıxıldı. Hakimlə bu qərara görə mübahisə etməyə dəyməz. Çünki penaltiyə oxşarlıq var idi. Amma adətən son dəqiqələrdə belə epizoda onbirmetrlik vermirlər. Rəvan Həmzəzadə ümumilikdə oyunu pis idarə etmədi.

- Bütün dünyada hakimlər böyük klublara xırda da olsa, simpatiya bəsləyirlər. Həmin epizod son dəqiqələrdə “Qarabağ”ın qapısı qarşısında yaransaydı, sizcə, qərar eyni olardı?
- Həqiqətən də, “Qarabağ” böyük klubdu. Bəlkə də, hakimlər bu təzyiqi bir az hiss edirlər. Hakim idarəçiliyindən elə bir şikayətim yox idi. Məncə, rəqib qapısı qarşısında yüz faizlik penalti epizodu olsaydı, lehimizə qərar çıxardı.

- “Keşlə”yə gəlişinizdən sonra komandanın oyununda yüksəliş nəzərə çarpsa da, hələ ilk qələbənizi qazanmamısız. Buna nə mane olur?
- Bunu biz də analiz edirik. Futbolçular üzərlərində həddən artıq çalışırlar, məsuliyyəti dərk edirlər. Əlbəttə ki, qələbə qazanmaq istəyirik, amma sonda nəsə çatmır. Bunun üzərində işləyirik. Oyunçularla söhbətlər aparırıq, meydançada göstərişlərimizi veririk. Səhvlərimizi minimuma endirməyə, psixoloji cəhətdən güclü olmağa çalışırıq. Hesabda öndə olduğumuz halda son dəqiqələrdə qələbəni əldən verməyimizə baxmayaraq, oyunçuların psixoloji durumuna fikir veririk ki, gərginlik olmasın. Qarşıda hələ oyunlar var. Komandada istək, aqressivlik, çalışqanlıq var. Bircə qələbə çatmır. Bunun üçün də mübarizəmizi davam etdiririk.

- Rəhbərliyiniz altında “Keşlə” Premyer Liqanın 7 oyunundan 5-də heç-heçə edib. Sizi sülhsevər məşqçi saymaq olar?
- (Gülür) Ən azı məğlub olmuruq. Uduzmaq daha pisdi. Bir işə yenidən başlamaq üçün müəyyən qədər pozitivlik lazımdı. Təhlillər zamanı yaxşı məqamlarımızın çox olduğunu görürük. Amma qələbə qazanılmadığı üçün tam sevinə bilmirik. Ən azı uduzmuruq, qarşıya ümidlə baxa bilirik.

- Bu matçlardan hansılarda heç-heçəyə görə daha çox məyus olduz və 2 xal itirdinizi düşünürsüz?
- Fikir verirsinizsə, bütün matçlara yaxşı başlayırıq. Oyunlar demək olar ki, eyni ssenari ilə gedir. Həm “Sabah”, həm “Zirə”, həm “Səbail”lə görüşləri qeyd edərdim. Düzdü, qapımız qarşısında təhlükəli vəziyyətlər yaranır, amma bizim qol imkanlarımız daha çox olur. “Sabah”la oyunda da son dəqiqələrdə qol buraxdığımız üçün çox üzüldük. Ümumiyyətlə, son dəqiqədə buraxılan top istər-istəməz məyusluq gətirir. Əslində ən çox “Neftçi”yə uduzduğumuz qarşılaşmaya görə üzüldük. Çünki həddən artıq qol şansları yaratdıq. Təəssüf ki, həmin görüşdə saysız-hesabsız şanslardan yalnız birini reallaşdıra bildik.

- Turnir cədvəlinin son pilləsində yer alırsız. Demək olar ki, çempionatdan avrokuboka vəsiqəni əldən vermisiz?
- Bununla heç vaxt razılaşa bilmərəm. Çünki qarşıda 7 oyun var. Həm də kubokda şanslarımız davam edir. Sabah nə olacağını heç kim bilmir. Əlbəttə, son pillədə olmağı istəməzdik. Biz də yüksək sıralarda qərarlaşmaq istəyirik. Qarşıdakı oyunlara daha ciddi yanaşmalı, daha çox çalışmalıyıq ki, istədiyimiz irəliləyişə nail ola bilək. Bizin üçün hər oyun finala bərabərdi. Çempionatın sonuna yaxınlaşdıqca stress artır, bütün komandalar məsuliyyətli olur, mübarizə daha da gərginləşir. Biz də bu yarışın içindəyik. Məğlub olmamağa çalışacağıq.

- Bu ay “Zirə” ilə kubokun yarımfinal oyunlarına çıxacaqsız. Yəqin ki, əsas gücünüzü kuboka yönəldəcəksiz...
- Bu mərhələdəki rəqibimiz “Zirə” çox intizamlı, istəkli və aqressiv komandadı. Stabil oyunu ilə seçilən kollektivdir. Kubok matçlarında gərək səhvsiz çıxış edəsən, Psixoloji cəhətdən kim güclü olsa, o da finala çıxan tərəf olacaq. Mənim üçün hər zaman öncə öz komandam gəlir. Oyunçularımın oyun günü hansı motivasiyada olması çox vacibdi. Həm müdafiədə, həm də hücumda keyfiyyətli çıxış etməliyik ki, başabaş mübarizə apara və qalib gələ bilək.

- Maraqlıdı ki, çempionatın XXII turundakı rəqibiniz də “Zirə” olacaq. Aprelin 11-də bütün kartları açacaqsız, yoxsa kuboku nəzərə alıb, bəzi məqamları sirr olaraq saxlayacaqsız?
- Heyətimizdə zədəli futbolçular çoxdu. Həmçinin İlkin Qırtımov da cəzalıdı. Həmin gün heyətimizə baxıb qərar verəcəyik. Kubok oyununda fərqli taktiki gedişlər olur. Oyun günü əlimizdə kimlər olacaqsa, ona uyğun da “11-lik” və oyun tərzi quracağıq.

- Yarımmüdafiəçi Con Kamara son görüşdə zədələndi. Həm onun, həm də digər zədəlilərin durumu nə yerdədi?
- Sezar Meza Kolli artıq sıraya dönüb, komanda ilə məşqlərini davam etdirir. Elvin Yunuszadə həkimlərin nəzarəti altındadı. O da zədəli idi, məşqlərə başlamaq istədi. Amma “Səbail”lə yoxlama görüşündə ağrılar hiss elədi. Onda xroniki zədədi. Miyusko Boyoviçin sinirlərində problem var, beli ağrıyır. Stanislav Namaşko Moldova millisindən zədəli qayıtdı. Con Kamara da “Qarabağ”la görüşdə zədələndi. Başqa alternativimiz olmadığı üçün onu meydana buraxmışdım. Məndən olsaydı, həmin gün heç oynamazdı. Çünki millidən qayıdan futbolçular həmişə yorğun olur. Bakıda oynamaq bütün klublarımıza sərf elədi. Çünki belədə uşaqlar uzun yol qət eləmədilər. Matç Bakıda olduğu üçün bərpa dönəmini nisbətən rahat keçə bildilər. Amma nəzərə alaq ki, Kamara Afrikadan uzun yol gəldi. O yolun yorğunluğu canından çıxmadı. “Qarabağ”la görüşdə də heç nədən zədələndi.

- Zədəlilərdən hansılar “Zirə” ilə qarşıdakı matça yetişə biləcək?
- Elvin Yunuszadə, Miyusko Boyoviç, Stanislav Namaşko, Con Kamara oynaya bilməyəcək. Bunlar ciddi itkilərdi. Onsuz da, “Qarabağ” önünə də itkilərlə çıxmışdıq. Meydançaya çıxan futbolçuların hamısı məsuliyyəti dərk edirlər. Kimə şans veririksə, onlardakı əzmi görürəm.

- Məlumdu ki, hazırkı heyəti siz yığmamısız. Nöbəti mövsüm də bu postda qalsaz, nə kimi dəyişiklikləri planlaşdırırsız?
- Bu komandaya gələndə, klub prezidenti Zaur Axundovla görüşəndə heyətlə tanış idim. Heyətimizdəki futbolçularla canla-başla çalışıram. Çünki içlərində çoxunu tanıyıram. İnanın ki, hazırda gələn mövsümlə bağlı heç nə fikirləşmirəm. Bütün düşüncəm bu mövsümün matçlarına yönəlib. Hər gün çıxacağımız məşqlər barədə fikirləşirəm. Futbolçularımızın inkişafı üçün çalışıram. Beynimdə gələcəklə bağlı heç bir plan yoxdu.

- Qarşıdan AVRO-2020 gəlir və Bakı artıq 50 faiz azarkeşə təminat verib. Oyunlara getmək fikriniz var?
- Əlbəttə. Əla olardı. Əlimizə şans düşüb ki, Avropa çempionatını canlı izləyə bilək. Güclü yığmalar gələcək. Onların oyununa baxmaq üçün yaxşı fürsətimiz var. Böyük məmnuniyyətlə matçları tribunadan izləmək istəyərəm.

- Hansı komandaya azarkeşlik edəcəksiz?
- Türkiyə millisinə. Nəzərə alaq ki, “ay-ulduzlular” Bakıda oynayacaqlar. Türkiyə yığmasına həmişə azarkeşlik etmişik. Burda da özlərini evlərindəki kimi hiss edəcəklər.

- Qrupdakı komandalar bəllidi. 1/4 finalda Bakıdakı matçda hansı millilərin gəlməsini arzulayardız?
- Almaniyanı, İspaniyanı burda görmək maraqlı olardı. Hər ikisi çox yaxşı futbol oynayır. Bakıda Almaniya – İspaniya dueli möhtəşəm olar, tarixə düşər. Təqvimə görə bunun mümkün olub-olmadığını bilmirəm. Amma belə bir matçı tribunadan izləmək əla olar. İnşallah, gələcəkdə öz millimiz də belə böyük yarışlarda iştirak edər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest