AFFA-nın texniki direktoru Edmond Klaus oktyabrın 2-dən 4-dək ölkəmizin qərb bölgəsinə səfər edib.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfərin əsas məqsədi regionlarda futbolun inkişafı, aşağı yaş qruplarında futbolçu hazırlığının mövcud vəziyyətinin qiymətləndirilməsi və akademiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmaq olub. Səfər çərçivəsində Gəncə, Tovuz, Göygöl və Qəbələ şəhərlərində futbolun inkişafı, akademiyaların iş prinsipləri və yeniyetmə futbolçuların hazırlığı ilə bağlı görüşlər keçirilib, həmçinin məşq və oyunlar yaxından izlənilib.
Gəncədə "Kəpəz" FK-nın rəhbərliyi və akademiyasının məşqçiləri ilə, Tovuzda isə "Turan Tovuz" FK-nın akademiyasının rəhbərliyi və məşqçi heyəti ilə görüşlər təşkil olunub. Bu görüşlər zamanı klubların və akademiyaların ümumi fəaliyyəti, futbolçuların fərdi inkişafı və hazırlıq prosesi barədə geniş fikir mübadiləsi aparılıb. Səfər müddətində müxtəlif yaş qrupları üzrə oyun və məşqlərə baxış keçirilməklə yanaşı, "Qəbələ" Futbol Akademiyasının infrastrukturu ilə də yaxından tanışlıq olub.













