"Əgər komanda yoldaşım yaxşı mövqedədisə, çalışıram ki, onu tapım. Hücumlarımızın bəziləri mənim tərəfimdən qurulduğu üçün çalışıram ki, uyğun mövqedə olum"

“Zirə”nin kapitanı Ağabala Ramazanovun müsahibəsi...
 
- Son turda çepionluğa oynayan “Qarabağ”la heç-heçə etdiz. Hesabı açsaz da, üstünlüyü qoruya bilmədiz. Matç barədə fikirlərinizi bilmək istərdik...
- Çox maraqlı və gərgin oyun alındı. “Qarabağ”ın gücü hamıya məlumdu. Ancaq bizim üçün də önəmli, vacib oyun idi. Matçın gedişi elə idi ki, qalib gələ də bilərdik, məğlub ola da. Ancaq düşünürəm ki, bizim üçün xeyirlisi nə idisə, o da oldu.

- Vurduğunuz qol baxımlı hücum nəticəsində alındı. Göründü ki, üzərində işlədiyiniz kombinasiyadı...
- Bəli, belə hücumlar üzərində məşqlərimiz olur. Baş məşqçimizin istəyi və bizə verdiyi tapşırıqdı. Alınmasa belə, hər oyun çalışırıq, belə cəhdlər edirik. Şükürlər olsun, bu dəfə istədiyimiz kimi oldu, qol vurduq.

- “Keşlə”yə qarşı qalmaqallı kubok oyunundan sonra həm psixoloji, həm də fiziki olaraq toparlanmaq nə qədər çətin idi? Bir kapitan kimi belə məqamlarda yəqin ki, üzərinizə ikiqat yük düşür...
- “Keşlə” matçı, olan-bitən barədə çox danışmağa ehtiyac görmürəm. Doğrusu, indi buna vaxtımız da yoxdu. Şükürlər olsun ki, kollektivimiz çox güclü xarakteri olan oyunçulardan qurulub. Ona görə də hər kəs öz işini bilir və məsuliyyəti dərk edir. Bu səbəbdən hər hansı çətinlik hiss etmirik.
 
- Finişə 3 tur qalmış “Sumqayıt”la 1 xallıq fərqiniz var. Bu, bürünc medallar üçün kifayət edəcək?
- Özünüz də çempionatın necə gərgin keçdiyini görürsüz. Ona görə də 1 yox, hətta 3 xallıq fərq olsa belə, hər an hər şey dəyişə bilər. Fikrimcə, bütün suallara sonda aydınlıq gələcək. Buna görə də sona qədər mübarizə aparmaq şərtdi.
 
- Qarşıdakı oyunlarınız turnir cədvəlində daha aşağıda qərarlaşan komandalara qarşıdı. Bunu sizin üçün üstünlük hesab etmək olar?
- Xeyr, belə deməzdim. Turnir cədvəlinə baxıb özümüzü aldada bilmərik. Hər bir rəqibə hörmət edirik. Heç bir oyun asan keçmir.
 
- Həftəsonu “Qəbələ” ilə üz-üzə gələcəksiz. Bu mövsüm evdə rəqibi bir dəfə məğlub etmisiz...
- “Qəbələ” daim hücum futbolu oynayan komandadı. Yaxşı heyətə, keyfiyyəli oyunçulara sahibdi. Ona görə də bizi çətin oyun gözləyir. Yaxşı hazırlaşmalıyıq. Bunun üçün vaxtımız da var.
 
- Öncəki mövsümlərdə qollarınızla daha çox diqqət çəksəz də, indi bununla yanaşı assistlərin də sayı xeyli çoxdu. Bunu nə ilə əlaqələndirmək olar: baş məşqçinin tələbi bu istiqamətdədi, yoxsa özünüzü geridən oyun quranda daha rahat hiss edirsiz?
- Şükürlər olsun, bu mövsüm komandama kömək edə bilirəm. Mənim üçün qol və ötürmə eynidi. Ona görə də əgər komanda yoldaşım yaxşı mövqedədisə, çalışıram ki, onu tapım. Hücumlarımızın bəziləri mənim tərəfimdən qurulduğu üçün çalışıram ki, uyğun mövqedə olum. Bundan sonra isə komanda yoldaşlarımı görməyə çalışıram. Bu da baş məşqçimizin tapşırığıdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest