Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünü 6-cı pillədə başa vuran "Keşlə"də heyətlə bağlı ciddi islahatlar olacaq. Matc.az xəbər verir ki, komanda Azərbaycan kubokunda finala çıxsa da, həm klub rəhbərliyi bəzi futbolçuları göndərməyə hazırlaşır, həm də bir neçə oyunçu özü karyerasını başqa komandalarda davam etdirməyə qərar verib.
 
"Keşlə"dən ayrılmağa hazırlaşan futbolçulardan biri Sezar Meza Kollidir. Buna onun daha sərfəli təklif alması səbəb olub. Hələ ötən mövsümün əvvəlində də bu klubdan ayrılmaq istəyən, lakin daha sərfəli təklif almadığı üçün fikrindən daşınan legioner futbolçu, bu yay arzusuna çatacaq. 
 
O, yenicə Azərbaycan çempionu olmuş "Neftçi"yə keçməyə hazırlaşır. Kubokun final matçından sonra Meza Kollinin paytaxtın digər klubuna keçidi rəsmiləşə bilər.
 
Qeyd edək ki, Sezar isə 2013-cü ildən "Keşlə"nin sıralarındadı. Lakin o, bir ara bu klubdan ayrılaraq "Zirə"də, Rumıniyanın "Universitatya Krayova" komandasında da çıxış edib. 29 yaşlı futbolçu geridə qalan mövsümdə Premyer Liqada 19 oyunda 3 qola imza atıb.
 
Sonda onu da xatırladaq ki, "Keşlə" ilə "Sumqayıt" komandaları arasında baş tutacaq Azərbaycan kubokunun final görüşü mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək. Oyuna saat 19:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest