“Biz ev sahibliyimizin bütün bölgə üçün bayram olmasını istəyirdik. Pandemiya bunu bir az dəyişdirdi”. Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıda keçiriləcək oyunları barədə danışarkən deyib.

Assosiasiya rəsmisi koronavirus pandemiyası ilə bağlı Azərbaycandakı son durumun digər ölkələr üçün də ümidverici olduğunu söyləyib: “İstəyirik ki, şəhərimizin canlı atmosferi qonşularımıza sirayət etsin, belə bir tədbirə ev sahibliyi etməkdən duyduğumuz qüruru bizimlə bölüşsünlər. 15 aylıq pandemiyadan sonra ən vacib mesaj normallaşmağımızdır. Bu, təkcə bizim yox, digər bütün ölkələr üçün böyük ümid verir. Bu fürsətdən istifadə etməliyik”.

Elxan Məmmədov bir müddət əvvəl qitənin nəhəng klubları tərəfindən yaradılan Avropa Superliqasının uğursuz layihə olduğunu bildirib. O, həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb: “Bu cür fikir dəyərlərimizi məhv edir. UEFA gənclərin və əlil futbolunun inkişafına, qadın oyununun böyüməsinə çox investisiya yatırır. Bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər. Bazar günü səhər oyanıb strategiyasız və yalnız 4 milyard dollara Superliqa yarada bilmərik”.

AFFA-nın vitse-prezidenti Azərbaycan futbolu barədə də düşüncələrini bölüşüb: “Düşünürəm ki, daha uzun müddətdə Avropa çempionatının seçmə yarışlarında rəqabət apara bilərik. Bizim 2014-cü ildən bəri hər il Avropa Liqasının qrup mərhələsində yer alan və uğurla çıxış edən “Qarabağ” kimi klubumuz var. Klubların ilk “11-liy”ində 6 yerli futbolçu var. Bütün klublarımızda daha çox oyunçu yetişdiririk”.

Qeyd edək ki, AVRO-2020 çərçivəsində Bakıda ilk oyun bu gün Uelslə İsveçrə arasında (17:00) keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest