Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Öncə Azərbaycana gəldiyimiz üçün sevincli olduğumuzu qeyd etmək istərdim. Buradakı qonaqpərvərlikdən çox razıyıq. Bizə ev sahibi olduğumuz duyğusunu hiss etdirən qardaşlarımıza təşəkkür edirik. Stadion çox gözəldir. Sadəcə, bizim sonuncu oyunumuzda sərgilədiyimiz futbol və nəticə ürəkaçan deyildi. Amma indi həmin oyundakı məğlubiyyətə görə günahkar axtarmamalıyıq.
 
Hər gün yeni bir başlanğıcdır. Keçmişdən dərslər çıxarıb, gələcəyi düşünməliyik. İtaliya ilə oyunun nəticəsindən asılı olmayaraq, bizim üçün Uels və İsveçrə ilə matçların nəticəsi çox önəmli idi. Sabah gözəl bir oyun və yaxşı bir nəticə gözləyirik. Rəqibə görə oynamaq məcburiyyətindəyik. Yenə eyni heyətlə oynaya bilərik. İlk oyunda meydana çıxan futbolçularımız yaxşı oyunçulardır. Onlara inanırıq. Amma heyətə düşə bilməyənlərə də inanıram. Ona görə də bizimlədirlər. Hesab və oyun pis olanda, tənqidlər də olur. Hamının razı qalması mümkün deyil. 
 
Heç bir futbolçumuzda zədə yoxdur. Bütün oyunçularımız meydana çıxmağa hazırdır. Düşüncə olaraq da hazırdılar. Sabah əllərindən gələnin ən yaxşısını etmək üçün meydana çıxacaqlar.
 
Həm Uels, həm də İsveçrə ilə oyunlar bizim üçün finala bərabər olacaq. Hər iki komandanın özünəməxsus oyun üslubu var. Bizim də həmçinin. Qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.
 
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest