Bəs görəsən AFFA necə düşünür? Belə bir razılaşma əldə oluna bilərmi? Ümumiyyətlə, bu məsələ ilə bağlı hansısa tədbirlər görülübmü, planda varmı?
Azərbaycan və Türkiyə arasında bütün sektorlarda bağlar möhkəmlənib, bir çox sahələrdə müqavilələrə imza atılıb. Hətta iki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə giriş-çıxışa da icazə verilib. Bəs futbolumuz bu fürsətdən yararlana biləcəkmi?
Hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlıq, tərəfdaşlıq müqavilələri imzalayırsa, AFFA da Türkiyə Futbol Federassiyası (TFF) ilə danışıqlara başlamalıdır.
Bir sıra futbolçularımız məhz əcnəbi statusuna görə karyerasını Türkiyədə davam etdirə bilməyib. Baxmayaraq ki, yaxın keçmişdə azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmaması üçün danışıqlara cəhd olunmuşdu. Lakin alınmadı. Ancaq indiki şəraitdə AFFA TFF ilə razılığa gələrək "yabancı" statusunun aradan qaldırılmasına nail ola bilər.
Məsələyə Azərbaycanın tanınmış futbol mütəxəssislərinin münasibətini öyrəndik. Rəngarəng fikirlər səsləndirilsə də, hər biri özlüyündə belə qərarın futbolumuz üçün xeyirli olacağını bildirdi.
Bəs görəsən AFFA necə düşünür? Belə bir razılaşma əldə oluna bilərmi? ümumiyyətlə, bu məsələ ilə bağlı hansısa tədbirlər görülübmü, planda varmı?
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib ki, bu məsələ gündəmdədi: "Türkiyə Futbol Federasiyası ilə müzakirələr aparılır. Hələ ki, yekun nəticə yoxdur. Amma məsələ gündəmdə saxlanılır və vaxtaşırı müzakirəyə çıxarılır. Nəsə əlavə məlumat olsa, ictimaiyyətə məlumat veriləcək" (fanat.az).