Bu gün futbol üzrə Polşa Super Kuboku uğrunda oyun keçirilib. Matc.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu "Legiya" ilə ölkə kubokunu qazanmış "Rakuv"la üz-üzə gəlib.
 
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Legiya" bu görüşə yaxşı başlamayıb. Varşava təmsilçisi ilk hissənin əvvəlində buraxdığı erkən qolla məğlub duruma düşüb. Fasiləyə qədər hesab dəyişməz qalıb. Start heyətdə yer almayan Mahir 58-ci dəqiqədə meydana buraxılıb. Məhz azərbaycanlı futbolçunun 90+3-cü dəqiqədə vurduğu qol "Legiya"nı məğlubiyyətdən xilas edib. Polşa Super Kubokunda əlavə vaxt olmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Rakuv" 4:3 hesabıyla qalib gələrək Super Kuboku qazanıb. "Legiya"nın heyətində penaltini qaçıranlardan biri Bartoş Kapustka, digəri isə Mahir olub. Kapustkanın zərbəsini qapıçı dəf edibsə, Emrelinin zərbəsi sol dirəyə tuş gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest