Biz qalib gəlsək, bizə, uduzsaq, "Qarabağ"a medal verməyəcəklər. Həmin oyunun nəticəsindən asılı olmayaraq mübarizə davam edəcək.
"Neftçi"nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. Matç.az xəbər verir ki, əməliyyat olunandan bir müddət sonra fərdi məşqlərə başlayan yarımmüdafiəçi təlim-məşq toplanışını dəyərləndirib.
- Zədənizlə bağlı vəziyyət nə yerdədir? Bərpa prosesi necə gedir?
- Zədəm əvvəldən vardı, köhnə zədə idi. çempionatda fasilə yaranmasını gözləyirdim ki, əməliyyat olunum. İki ay zədəli halda oynadım. çünki komandaya kömək etmək lazım idi. Ağrılara dözürdüm. Amma son oyunda hiss etdim ki, artıq dərmanlar da ağrılara dözməyimə kömək eləmir. Ona görə də qərara gəldim ki, əməliyyat olunum.
- Artıq bərpa olunursuz, fərdi məşqlər edirsiz. Hiss edirsiz ki, əvvəlki gücünüz qayıdır?
- Bəli, qaçıram, fiziki təmrinləri yerinə yetirirəm. Bəzən topla da çalışıram, amma əsas gücümü fiziki formamı qaytarmağa sərf edirəm. ümid edirəm ki, gələn həftə komanda halında məşqlərə qoşula biləcəm.
- Təlim-məşq toplanışındakı yoxlama oyunlarında meydana çıxa biləcəksiz?
- Bunu indi deyə bilmərəm. Amma ümid edirəm ki, tam hazır olub oynaya biləcəm.
- Azərbaycan Kubokunda mübarizəni dayandırmaq həm bizim, həm də azarkeşlər üçün acınacaqlı oldu. Bu məğlubiyyəti necə izah edə bilərsiz, komanda pis oynamağa başlayıb, yoxsa bu, xüsusi bir hal idi?
- Kubok həmişə xüsusi haldır. çünki çempionatla kuboku müqayisə etmək olmaz. Kubok oyunlarında hər şey fərqli olur. Məsələn, evdə oyunumuz alınmadı, qapımızdan iki top buraxandan sonra cavab qollarını vura, fürsətlərdən istifadə edə bilmədik. Artıq səfərdə 1:0 hesabı ilə qalib gəlsək də, bu, mərhələni keçməyimiz üçün kifayət etmədi. Kubok qazanmaq şansını itirmək çox pisdir, amma heç birimiz belə olmasını istəməzdik. Həm çempionatda, həm də kubok yarışında birinci olmaq uğrunda mübarizə aparırdıq. Təəssüf ki, alınmadı. Hər halda, bu məğlubiyyətdən dərs çıxarmalıyıq.
- Düzdür, Antalya toplanışı yenicə başlayıb. Toplanışın ilk mərhələsi isə Bakıda keçirilib. Hazırlıq necə gedir? Sizcə, komanda qış fasiləsindən sonrakı "Qarabağ"la ilk çempionat matçına tam hazır olacaq?
- Təbii, çalışacağıq, tam hazır olaq. Yaxşı rəqiblərlə yoxlama oyunlarımız var. Gücümüzü sınayacağıq. çempionatın ikinci hissəsi hələ qarşıdadır. Arxayınlaşmaq olmaz. "Qarabağ" da buna imkan verməyəcək. Bütün oyunlarda maksimum xal toplamağa çalışacağıq.
- "Qarabağ"la matçı "6 xallıq oyun" adlandırmaq olar?
- Biz qalib gəlsək, bizə, uduzsaq, "Qarabağ"a medal verməyəcəklər. Həmin oyunun nəticəsindən asılı olmayaraq mübarizə davam edəcək. Sonadək vuruşmaq lazımdır. çünki bir oyun heç nəyi həll eləmir. çempionluğun taleyinə sonda aydınlıq gələcək.