Yekunda rəqibini 97:78 hesabı ilə məğlub edən ABŞ ilk finalçı olub. Qarşılaşmanı 23 xalla tamamlayan Kevin Dyurant qələbədə əsas pay sahiblərindən biri olub.

Tokio Yay Olimpiya Oyunlarında kişi basketbolçuların mübarizəsində yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, günün ilk matçında ABŞ və Avstraliya qarşılaşıb. Avstraliya oyunun gedişində 15 xal fərqi ilə önə keçib və hətta ilk yarıdan üstün tərəf kimi ayrılıb. Lakin üçüncü perioddan etibarən amerikalılar əsl güclərini göstərməyə başlayıblar. Yekunda rəqibini 97:78 hesabı ilə məğlub edən ABŞ ilk finalçı olub. Qarşılaşmanı 23 xalla tamamlayan Kevin Dyurant qələbədə əsas pay sahiblərindən biri olub.
 
İkinci yarımfinal görüşündə Fransa və Sloveniya milliləri üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda xal fərqi maksimum 10-a kimi qalxıb. Fərqin tez-tez qapandığı matçda qalib son saniyələrdə müəyyənləşib. Səbətə doğru hərəkətlənən Klemen Prepeliçin atışını bloklayan Nikola Batum komandasının 90:89 hesablı qələbəsini təmin edib. Nando De Kolo 25 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Sloveniyanın heyətində Mayk Tobi 23 xalla oynayıb. NBA ulduzu Luka Donçiç isə görüşü tripl-dablla (16 xal, 18 assist, 10 ribaund) tamamlayıb. 
 
Tokio-2020
Basketbol (kişilər), yarımfinal
 
ABŞ - Avstraliya - 97:78
 
Fransa - Sloveniya - 90:89
 
Avqustun 7-də əvvəlcə bürünc mükafatçının adına aydınlıq gələcək. Avstraliya və Sloveniya yığmaları üçüncülük uğrunda matça çıxacaqlar. Bakı vaxtı ilə saat 15:00-da start götürəcək final qarşılaşması isə ABŞ və Fransa arasında oynanılacaq. Qeyd edək ki, Fransa qrup mərhələsində ABŞ-ı məğlub etməyi bacarmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest