çempionlar Liqasının 2004/05 mövsümünün "Bavariya" ilə 1/4 final oyunlarından əvvəl UEFA Mourinyoya "Barselona" ilə cavab matçındakı qeyri-etik davranışına görə iki matçlıq cəza vermişdi.

Joze komandasıyla əlaqə saxlaya və paltardəyişmə otağına girə bilməzdi. Yalnız VIP-lojada oturmasına icazə verilirdi.

Londondakı oyunda Mourinyonu tribunada görən olmadı. Əvəzində köməkçisi olan Ruy Farianın başındakı papaq diqqəti çəkdi. Sonradan İngiltərə KİV-i onun bu yolla qadağan olunmuş qulaqlığı gizlətdiyini iddia edirdi. Qapıçılarla işləyən məşqçi Silvinyo Louro isə tez-tez paltardəyişmə otağına qaçır və ordan kağız parçaları ilə qayıdırdı.

"çelsi" və Mourinyo uzun müddət bu hadisə ilə bağlı suallara cavab verməkdən imtina etdi. Nəhayət, Joze həmin axşam olanları "beIN Sports" kanalının efirində danışdı: "Bəli, həqiqətən həmin qutuda idim. Bu ideyanın ağlıma necə gəlməsi yadımda deyil. "çelsi" – "Bayern" çempionlar Liqasında böyük oyun sayılır. Futbolçularımla birgə olmalı idim və bunu etdim. Paltardəyişmə otağına gündüz gəldim. Təxminən saat 12:00-da, matç isə 19:00-dan tez başlamayacaqdı. Məni heç kim görmədi, paltardəyişmə otağında oturub komandamın gəlməsini gözlədim.

Yeganə problem stadiondan çıxmaqla bağlı idi. Administratorumuz Stüart böyük metal qutuya girməyimi istədi. Qapağını bir qədər açıq saxladı ki, nəfəs ala bilim. Ancaq Stüart paltardəyişmə otağından çıxanda UEFA-nın əməkdaşları onun ardınca getdi. Onlar məni tapmaq istəyirdi. Onda administratorumuz qutunun qapağını tam bağladı. Nəfəs ala bilmirdim. Nəhayət, Stüart qapağı açanda az qala ölürdüm. Ciddi deyirəm, ölümə yaxın idim. Bu həqiqətdir!"

Bundan sonra Mourinyo axşamı stadionun yaxınlığındakı istirahət evində keçirib. UEFA-dan heç kim onun orada olmasından xəbər tutmayıb. Oyunda isə "çelsi" 4:2 hesablı qələbə qazandı və yarımfinala çıxdı. Bir sözlə, ideal axşam alınmışdı.

 

Rəşad Yusifov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest