"Ciddi rəqibə qarşı oynayırdıq. Rusiya Premyer Liqasında çıxış edən rəqib çox yaxşı komandadır". Matç.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
Mövsümün ikinci yarısına hazırlıq məqsədilə təşkil olunan Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirən "qırmızı-qaralar" Rusiyanın "Yenisey" klubu ilə qarşılaşıblar.
Gənc mütəxəssis 2:2 hesablı bərabərliklə başa çatan oyundan sonra fikirlərini bölüşüb: "Bilirdik ki, belə rəqibə qarşı səhvsiz oynamalıyıq. Futbolçulara bir az çətin tapşırıq vermişdik. ön xətdə pressinq tətbiq etməklə topu rəqibdən almaq istəyirdik. Birinci hissədə tam yaxşı alındı. Belə pressinq də güc itkisidir. Sevindirici haldır ki, futbolçular tapşırığı yerinə yetirdilər. Səhvlərimiz var. Belə yoxlama oyunlarında bunun görünməsi yaxşıdır. Onları aradan qaldırmağa çalışacağıq. ümumilikdə komanda yaxşı oynadı. Həm hücumda, həm də müdafiədə komandadan razı qaldım".