Azərbaycan çempionatı dünyanın ən güclü 80 liqası arasında ən çox geriləyənlərdəndi. Matç.az xəbər verir ki, 2017-ci ilin yekunlarında 50-ci olub, 2018-i 70-ci sırada başa vuran Topaz Premyer Liqası antirekordçular sırasındadı.
Düzdü, əslində 8 komandalı çempionatın dünyada 70-ci olması da uğur sayılmalıdı. Amma bir il əvvəlki ilə müqayisədə 20 pilləlik geriləmə üzücüdü.
Lakin belə məyusluq təkcə bizim liqada müşahidə olunmayıb. 2017 və 2018-ci illəri müqayisə etsək, 55-ci yerə yuvarlanan Polşa da bizim qədər geriləyib. Lakin daha böyük uçurum yaşayan 3 liqa da var.
Yəni Topaz Premyer Liqası ən çox geriləyən 5 çempionat arasında, 4-5-ci yerlərdədi. Mütləq antirekord isə 33 pillə geriləyib 73-cü olan Makedoniyaya məxsusdu. 69-cu olan Albaniya 24, 52-ci olan Səudiyyə Ərəbistanı isə 23 pillə aşağı yuvarlanıb.
Ən böyük irəliləyiş isə Zambiyadadı. Afrikalılar 43 pilləlik sıçrayışla 35-cidi. 39-cu olan Qətər 32, 32-ci olan Konqo DR isə 30 addım irəliləyişə sevinib. ötənilki "80-lik"dən yalnız 74-cü olan Avstraliya siyahını tərk edib.
ümumiyyətlə isə İFFHS-in siyahısına bir sıra məqamlar diqqət çəkir. 2010-cu ildən başlayan hegemonluğu davam etdirən İspaniya ardıcıl 9-cu dəfə dünyanın 1-cisidi.
1991-ci ildən açıqlanan siyahıda La Liqa 13-cü dəfə ən yaxşı olub. İtaliya 10, İngiltərə 4, Almaniya 1 dəfə ilin ən güclü liqası seçilib.
Almaniya Bundesliqası keçənilki antirekordunu təkrarlayaraq tarixinin ən zəif göstəricisinə - 8-ci yerə üzülüb. Avropada ən böyük irəliləyişə - 16 pilləlik sıçrayışa sevinən Şotlandiya isə 15 ildən sonra ilk "10-luğ" qayıdıb.