Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" Konfrans Liqasında qrup mərhələsinin 2-ci oyununa çıxdı. Matc.az xəbər verir ki, Ağdam klubu ona tanış ölkə Kiprdə "Omoniya"nın qonağı oldu.

Qurban Qurbanovun yetirmələri ilk matçda qrupun favoriti hesab edilən "Bazel"lə Bakıda bərabərə qaldı. Halbuki sərgilənən oyuna əsasən isveçrəlilər 1 xal qazandıqları üçün sevinməlidirlər. "Bazel"lə görüşdə 2 xalı əldən qaçıran "Qarabağ" kimi, "Omoniya" da ilk turda qrupun digər iştirakçısı "Kayrat"la qolsuz heç-heçə etmişdi.

Konfrans Liqası
H qrupu, 2-ci tur
30 sentyabr

"Omoniya" (Kipr) – "Qarabağ" (Azərbaycan) – 1:4
Qollar: Yan Leçyaks, 40 – Kadi Borqes, 52, 90+4, Ramil Şeydayev, 73, Maksim Medvedev, 79 (p.)
"Omoniya": 40. Fabiano, 15. Tomaş Huboçan, 22. Adam Lanq, 2. Paris Psaltis, 17. Yan Leçyaks (5. Kiko, 81), 19. Fouad Baçirou (4. Abdullahi Şehu, 30), 16. Xordi Qomes (k), 21. Marinos Tzioni, 20. Panagiotis Zaxariu (44. Marko Skepoviç, 64), 13. Fotis Papulis (75. Loyzos Loyzu, 46), 80. Andronikos Kakulli (11. Erik Butyak, 64)
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 74. Kaçper çorazka, 6. Ektor Yuste, 8. İyayi Atiemven, 18. Mixal Duris, 30. Nikolaos Panagiotu, 76. çaralampos çaralampus
Baş məşqçi: Henninq Berq
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade (7. Riçard Almeyda, 85), 19. Filip Ozobiç (29. Marko Veşoviç, 74), 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji (77. Ramil Şeydayev, 66)
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev
Baş məşqçi Qurban Qurbanov

Təmsilçimizin Nikosiyada optimal heyətlə meydana çıxdığını söyləmək olmaz. Əsas heyət üzvlərindən Bədavi Hüseynov uzun müddətdir kollektivdən uzaq düşübsə, "Bazel"lə görüşdə Xayme Romeronun da 6 aylıq sıradan çıxması heç yerinə düşmədi. çünki ispaniyalı yarımmüdafiəçi mövsümə parlaq başlanğıc etmiş, komandanın ön xətdə liderlərindən birinə çevrilmişdi. Ən böyük sual da baş məşqçinin bu boşluğu kiminlə doldurması idi. çünki mövqelərdə cari mövsüm müntəzəm çıxış edən futbolçular yer almışdı. 4-5-1 sisteminin 4-lü müdafiə xəttinin 3 nümayəndəsi milli komandamızın üzvləri idi. Ancaq etiraf edək ki, son vaxtlar arxa xətdəki yeganə əcnəbi Kevin Medina müdafiənin dirəyinə çevrilib.

Yarımmüdafiədə Qara Qarayev, Patrik Andrade, Abdullah Zubir və Kadi Borqes öz yerlərini almışdılar. Onların vəzifəsi yeganə hücumçu İbrahima Vadjini rəqib qapısı qarşısında topla təmin etmək idi. Əksəriyyət Romeronun yoxluğunda yarımmüdafiənin sağında Marko Veşoviçin yer alacağını düşünürdü. Lakin Qurban Qurbanov əvvəlki formasını bərpa etməyə çalışan Filip Ozobiçə şans verməklə hücum, qol barədə düşündüyünü göstərdi.

Qarşılaşmaya təmsilçimiz gözləniləndən aqressiv başladı. Hiss olunurdu ki, "Qarabağ" erkən qolla rəqibin müqavimətini qırmaq istəyirdi. "Omoniya"nın orta sahəsində buraxdığı boşluqlar da ağdamlılara fərqlənmək üçün münbit şərait yaradırdı. İlk 10 dəqiqədə hətta iki dəfə əlverişli imkan da oldu. Lakin nə Ozobiçin, nə də Borqesin zərbəsi istədiyi kimi alındı. Kipr klubunda müdafiənin cinahlarındakı boşluqlar diqqətdən qaçmırdı. Xüsusən də, sol cinahdan futbolçularımız daha təhlükəli həmlələr edirdilər. Bu mənada Zubir-Bayramov anlaşmasını vurğulamaq lazımdır. Məhz fransalının ara paslarına "açılan" millimizin müdafiəçisi sadəcə, qapı qarşısına son ötürməni dəqiq verə bilmirdi.

Dəqiqələr keçdikcə komandamızın hücumda aqressivliyi daha da artırdı. Cinahlardan fərqli kiprlilər müdafiənin mərkəzini "bağlaya" bilirdilər. Bu üzdən orta sahədən həmlələr edərkən futbolçularımız uzaq məsafədən zərbələrə üstünlük verirdilər. 10-15 dəqiqəlik təzyiqdən "sağ çıxan" "Omoniya" artıq özü də sürətli əks-hücumlar qurmağa başladı. İnsaf naminə, qapıya zərbələrlə tamamlanmasa da, rəqibin həmlələri müdafiəçilərimizə əməlli-başlı həyəcan yaşadırdı. Müdafiəçilərimizin təkbətək mübarizələrdə səhvsiz oynaması rəqibin son zərbəni vurmasına imkan vermirdi. Nikosiya təmsilçisi dəqiqələr keçdikcə tam olmasa da, matçda müəyyən qədər tarazlıq yaratmağa müvəffəq oldu.

"Omoniya" ilk real qol vəziyyətini 32-ci dəqiqədə yaratdı. Standart vəziyyətdən asmadan sonra Adam Lanqın başla zərbəsinə Şahruddin düzün reaksiya göstərdi. Buna baxmayaraq, Kipr təmsilçisinin növbəti cəhdi hesabın açılması ilə nəticələndi. Cərimə zərbəsindən ötürmə zamanı Medinanı qabaqlayan Yan Leçyaksın başla zərbəsi qarşısıalınmaz oldu. Təəssüf ki, "Qarabağ" ümumilikdə üstün keçirdiyi birinci hissəni rəqibin "ikinci mərtəbə"dəki "silahı" sayəsində yenik durumda tamamladı. Bir sözlə, kifayət qədər şans qaçıran, xüsusən də, matçın əvvəllərində rəqibə göz açmaq imkanı verməyən "Qarabağ" "vurmayana vurarlar" prinsipinin qurbanı oldu.

Azərbaycan klubu birinci hissədə bacarmadığını fasilədən dərhal sonra həyata keçirdi. Kadi Borqesin 52-ci dəqiqədən uzaq məsafədən fantastik zərbəsi qarşısında qapıçı aciz qaldı və hesaba tarazlıq gəldi. Görüşün ən yaxşısı olan braziliyalı vinger tezliklə qəhrəmana çevrilə bilərdi. Lakin bu dəfə yaxın məsafədən çərçivəyə düşə bilmədi. Qurban Qurbanovun oyuna ilk müdaxiləsi mövqe dəyişikliyindən ibarət oldu. İrəlidə o qədər də "dişli" görünməyən Vadjinin yerinə Ramil Şeydayev meydana daxil oldu. Məhz bu dəyişiklik oyunun axarına və nəticəsinə də birbaşa təsir göstərdi. çünki arzulanan topu millimizin forvardı vurdu. Zubirin canfəşanlığı ilə "alovlanan" hücumun yekunu kimi Şeydayev qapıçıdan dönən topu tora qovuşdurdu. Qoldan dərhal sonra ikinci əvəzləməyə əl atan Qurbanov bu dəfə matçı aşağı səviyyədə keçirən Ozobiçi kənara çəkdi. Veşoviçin meydana daxil olması müdafiənin etibarlılığının artmasına xidmət etməli idi.

"Qarabağ"ın hesabda önə keçməsi "Omoniya"nın bütün oyun planını pozdu. Ev sahibləri artıq meydanda nə etdiklərini bilmirdilər. Bundan məharətlə yararlanan təmsilçimiz rəqibi 3-cü dəfə də mərkəzə dəvət etdi. Bu dəfə penaltini bir gün əvvəl doğum günü olan kapitan Maksim Medvedev dəqiq yerinə yetirərək, özünə hədiyyə etdi. Amma möhtəşəm geridönüş bununla da bitmədi. Görüşün ən yaxşısı olan Kadi final fitinə saniyələr qalmış həm dublunu rəsmiləşdirdi, həm də hesabı darmadağın həddinə çatdırdı – 4:1.

Beləliklə, Kiprdə özünü heç də qonaq kimi aparmayan "Qarabağ" "Omoniya"ya ikinci hissədə keçdiyi dərs sayəsində böyükhesablı qələbə qazandı. Ağdam klubu 2 turdan sonra 4 xalla turnir cədvəlinə başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest