FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger dünya çempionatının iki ildən bir keçirilmə ideyasını milli komandaların baş məşqçiləri ilə müzakirə edəcək. Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
 
71 yaşlı mütəxəssis bu məqsədlə bütün ölkələrin milli komandaları ilə onlayn konfrans təşkil edəcək. Venger 2024-cü ildən həyata keçirmək istədiyi ideya ilə əlaqədar təqvimdə islahatları da müzakirəyə çıxaracaq.
 
Dünya çempionatının 2 ildən bir təşkilini Səudiyyə Ərəbistanı Futbol Federasiyası yayda təklif edib. Onu 166 milli assosiasiya dəstəkləyib, 22-si isə əleyhinə olub.
 
1930-cu ildən keçirilməyə başlayan mundial 2-ci dünya müharibəsi ilə əlaqədar, 1942 və 1946-cı illərdə istisna olmaqla, hər 4 ildən bir təşkil olunur. Qarşıdakı dünya çempionatı 2022-ci ildə Qətərdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest