Qış fasiləsi transfer baxımından o qədər də münasib dönəm deyil. çünki yanvarda azad agent tapmaq müşkül məsələdi. Nəzərə alaq ki, bizim klubların da transferlərinin 99 faizi azad agent olur. Hətta bəziləri 6 ay futbol oynamayan, klubsuz qalan "kimsəsizlərə" də qucaq açır.

Mövsümün ilk yarısı göstərdi ki, "Neftçi" və "Qarabağ"la rəqabət aparacaq üçüncü komanda yoxdu. Düzdü, çempionatda 3-cü yerdə gedən komanda var. Ancaq o da öz gücü sayəsində burda qərarlaşmayıb. "Qəbələ"nin qeyri-stabil çıxışı, "Sumqayıt", "Keşlə" və "Zirə"nin heyətinin zəif olması Aftandil Hacıyevin "Səbail"inə özünü ölkənin üçüncü komandası kimi aparmasına şərait yaratdı. Hələ bu da kifayət deyil. Təsadüfi deyil ki, "Səbail"in 6 qələbəsindən ikisi rəqiblərin göydəndüşmə (texniki məğlubiyyət) hədiyyəsi oldu.

Pis-yaxşı, "Səbail" ikinci yarıya üçüncü yerin sahibi kimi başlayır, üstəlik, ən yaxın izləyicisindən 4 xal öndədi. Aftandil Hacıyev demiş, "Allahın hədiyyəsi"ni geri çevirmək qula yaraşmaz və üzərinə düşən bundan istifadə etməkdi. Bəs bakılılar bu fürsəti necə dəyərləndirdilər? 3-cü pillədəki mövqeyi qorumaq üçün mütləq heyət gücləndirilməli idi. Xüsusən də, hücum xətti. çünki avrokuboku hədəfləyən komanda 14 oyunda 10 qol vurubsa (texniki qələbədəki 6 qolu saymasaq), deməli, hücum xətti yox dərəcəsindədi.

Təsadüfi deyil ki, Hacıyevin kollektivi hələlik ən az qol vuran komandadı.

Hər halda, normal bir hücumçu gətirmək mümkün idi. Bəs Aftandil bəy hücumdakı problemi hansı "ulduzla gücləndirdi"? Region Liqasındakı hücumçular səviyyəsində olan Oke Akpoveta ilə. O Oke ki, 2014-cü ildə 6 aylıq "Rəvan" macərasında 1 qolla "qolçuluğunu" nümayiş etdirmişdi. O qədər "möhtəşəm qolçu"du ki, bir klubda maksimum 1 il qala bilir.

Dərhal daha "güclüsünə" transfer olunur. Bu "yüksəliş" son olaraq onu İsveçin aşağı liqa təmsilçisi "Eskilstuna"ya aparmışdı. 22 oyunda 3 qol vurması onun "bombardirlik" keyfiyyətini qabarıq şəkildə üzə çıxardı. Mövsümdə 40 qol vuran "Eskilstuna" 3-cü yerlə yüksək liqaya vəsiqə qazandı ki, Akpovetanın 3 topla "töhfəsini" unutmaq olmaz.

Necə "aparıcı" oyunçu olubsa, komanda elitaya yüksələn kimi, hücumçu oranı tərk etdi.

27 yaşlı futbolçu yarımçıq qalan Azərbaycan macərasını tamamlamaq üçün "Səbail"in "dərdinə dərman" olmağa gəldi. İntizamsızlığına görə, "Sabah"dan da qovulan Elvin Yunuszadə ilə müdafiə xəttini "gücləndirən" "Səbail" Akpovetanın da gəlişindən sonra yəqin ki, qol yollarındakı problemi həll etdiyini düşünür.

Avrokuboku hədəfləyən Aftandil Hacıyev və klub rəhbərliyi yəqin ikinci yarıda da güclənmiş rəqiblərdən növbəti texniki qələbə hədiyyələrinə bel bağlayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest