İtaliyanın "Cenoa" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Yanq Boyz"dan (İsveçrə) Silvan Heftini, "Brayton"dan (İngiltərə) Leo Estiqoru transfer edib.
 
Bu barədə Genuya klubunun rəsmi saytı məlumat yayıb. Estiqor mövsümün sonuna kimi icarəyə götürülübsə, Hefti birdəfəlik transfer olunub. Lakin İsveçrədən olan 24 yaşlı müdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Silvan Hefti bu mövsüm "Yanq Boyz"un heyətində meydana çıxdığı 29 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi 2020-ci ildən "Yanq Boyz"da çıxış edirdi. O, daha öncə ölkəsinin "Sankt Qallen" klubunda da çıxış edib.
 
Leo Estiqor isə Norveçin "Molde" klubunun yetirməsidir. 22 yaşlı müdafiəçi "Molde"də olarkən "Vikinq"də icarədə də oynayıb. 2018-ci ildə isə o, "Brayton"a üz tutub. İngiltərə klubunun əsas komandasında forma şansı qazanmayan norveçli futbolçu müxtəlif komandalarda icarədə oynamağa məcbur olub. Belə ki, o, daha öncə "Sankt Pauli", "Koventri Siti" və "Stok Siti" klublarına da icarəyə verilib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest